...

Ermənistan rəhbərliyi dildə bir, reallıqda isə tamamilə başqa bir mövqe tutur - TƏHLİL

Siyasət Materials 23 Sentyabr 2022 09:23 (UTC +04:00)
Ermənistan rəhbərliyi dildə bir, reallıqda isə tamamilə başqa bir mövqe tutur - TƏHLİL
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Xüsusilə bəyanatda Zəngəzur dəhlizi, delimitasiya, Qarabağ ərazisində olan qanunsuz erməni silahlı birləşmələrinin çıxarılması ilə bağlı maddələr hələ də Ermənistan tərəfindən yerinə yetirilməyib. Baxmayaraq ki, dövlətlərarası komissiya yaradılıb, Ermənistan tərəfi öz üzərinə öhdəlik götürüb, lakin Zəngəzur dəhlizinin açılması ilə bağlı heç bir addım atmayıb.

Bunu Milli Məclisin deputatı Sevinc Hüseynova Trend-ə açıqlamasında bildiib ki, Azərbaycan öz üzərinə götürdüyü öhdəliyi sürətli şəkildə həyata keçirib, artıq Zəngəzura qədər həm avtomobil yolu, həm dəmir yol xətti çəkilib.

"Ermənistan anlamalıdır ki, onun üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən başqa yolu yoxdur. Cənab Prezident İlham Əliyev bununla bağlı bəyan edib ki, “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq"”, - deyə deputat bildirib.

O qeyd edib ki, digər vacib məsələ sərhədlərin delimitasiyasıdır ki, bununla bağlı məsələ həll olunmayana qədər hansısa sülhdən danışmaq mümkün deyil.

“Azərbaycan bununla bağlı təkliflər versə də Ermənistan tərəfindən bu istiqamətdə hər hansı bir iş aparılmayıb. Azərbaycan tərəfindən həm XX əsrə aid, həm də əvvəlki dövrə aid xəritələri təqdim olunub və delimitasiya işləri bu xəritələr üzrə aparılmalıdır”, - deyə deputat bildirib.

O qeyd edib ki, Ermənistan rəhbərliyi dildə bir, reallıqda isə tamamilə başqa bir mövqe tutur. “Ermənistan hansısa havadarlarına güvənərək təxribatlara əl atır. 2022-ci ilin sentyabrında sərhəddə törədilən təxribata qüdrətli ordumuzun layiqli cavabı Ermənistana nəhayət ki, dərs olmalıdır, bundan nəticə çıxarıb sülh prosesini dayandırmağın mümkün olmamasını qəbul etməlidir. Bu təxribatlara görə bir başa məsuliyyəti Ermənistan rəhbərliyi və orada olan reanşist qüvvələr daşıyır. Ancaq onlar başa düşməlidir ki, onların alternativ yolları yoxdur, üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməlidirlər və sülh müqaviləsi imzalanmalıdır. Digər vasitələrə əl atsalar Dəmir yumruq yerindədir və daha güclüdür”, - deyə S.Hüseynova əlavə edib.

Milli Məclisin deputatı Cavid Osmanov isə Trend-ə açıqlamasında bildirib ki, Ermənistan 10 noyabr bəyanatı ilə üzərinə öhdəliklər götürsə də qısa müddət sonra yenidən təxribatlar törətməyə başladı.

“Azərbaycan sülh müqaviləsi imzalamağı, sərhədlərin delimitasiyasını təklif edir, ancaq Ermənistan isə bundan boyun qaçırır və genişmiqyaslı təxribatlar törətməyə davam edir.

Ermənistan 30 il müddətində Azərbaycan ərazilərini işğal altında saxladıqları dövrdə həm xalqımıza qarşı misli görünməmiş soyqırımlar törətdilər, şəhər və kəndlərimizi yerlə yeksan etdilər, tarixi-mədəni və dini abidələrimiz erməni vandalları tərəfindən tamamilə məhv edildi, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Bütün bunların fonunda Azərbaycan Ermənistana sülh müqaviləsi təklif edir, humanist bir addım atır, Ermənistan isə bundan imtina edir, yenə də təxribatlara əl atır. Son aylar ərzində Ermənistanın ölkəmizə qarşı təxribatları daha intensiv xarakter almışdı.

Üçtərəfli bəyanatdan sonra Ermənistan Laçın rayonu ərazisində 1400-dən çox yeni mina basdırıb ki, bu da Azərbaycana qarşı açıq terror əməlidir. Müharibədən sonra 240-dan çox Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində ya həlak olub, ya da ağır yaralanıb. Yəni müharibədən sonra da Ermənistanın Azərbaycana qarşı terror və hərbi cinayəti davam edir. Azərbaycan Ermənistanı nə qədər xəbərdar etsə də, Ermənistana nə qədər əməkdaşlıq təklif etsə də, Ermənistan öz təxribat əməllərindən əl çəkmədi, əksinə daha da azğınlaşdı, hətta mülki insanlarımızı atəşə tutdu.

Ermənistan revanşist siyasətini davam etdirir və çirkin əməllərə əl atır. Ermənistanın sentyabrın 12-də sərhəddə törətdiyi geniş miqyaslı təxribat Vətən müharibəsindən sonra törədilən ən böyük təxribat idi. Lakin ordumuz bu təxribatın qarşısını layiqincə aldı və Ermənistana növbəti dərs verdi. Bu döyüşlər də Azərbaycanın qələbəsi ilə başa çatdı, ordumuz bir çox strateji yüksəklikləri və mövqeləri nəzarətə götürdü və sərhəd boyu əldə olunan mövqelər istənilən erməni təxribatını qabaqcadan görməyə və önləməyə imkan verəcək. Odur ki, əgər Ermənistan təxribatları davam etdirsə daha ağır duruma düşəcək. Ermənistanın bir yolu var, o da Azərbaycanın təklifləri ilə razılaşmaq”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti