...

Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlıları təxribatla məşğuldur (TƏHLİL)

Siyasət Materials 28 Noyabr 2022 13:12 (UTC +04:00)
Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlıları təxribatla məşğuldur (TƏHLİL)

Bakı. Trend:

Son günlər Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığının Rusiya Müdafiə Nazirliyinin internet saytında yerləşdirilən müvafiq məlumatlarında Azərbaycanın tarixi toponimləri uydurma erməni toponimləri ilə qeyd edilir. Əlbəttə ki, bilərəkdən bu cür addımların atılması Azərbaycan dövlətinin və cəmiyyətinin ciddi narazılığına səbəb olub.

Artıq bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi rəsmi şəkildə narazılıqlarını bildirib və Rusiya sülhməramlı kontingentinin komandanlığını ölkəmizin ərazisindəki yaşayış məntəqələrinin adlarını düzgün toponimlərlə ifadə etməyə çağırıb.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Cavid Osmanov bildirib ki, son bir neçə gün ərzində Rusiya Müdafiə Nazirliyinin internet saytında Azərbaycanın tarixi adlarının, toponimlərinin uydurma erməni toponimləri kimi qeyd edilməsi qəbuledilməzdir.

“Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi tərəfindən Rusiya Müdafiə Nazirliyinə xəbərdarlıq edilib.

Rusiya Müdafiə Nazirliyinin internet saytında qeyd olunan “Dağlıq Qarabağ” adlı ərazi mövcud deyil. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları formalaşdırılıb. Rusiya Müdafiə Nazirliyinin saytında qeyd edilən “Mardakert” və "Martuni" rayonları yoxdur, bunlar erməni uydurmalarıdır. Bu ərazilərin tarixi adları Azərbaycan toponimlərinə uyğun olaraq Ağdərə və Xocavənddir.

Əlbəttə ki, dəqiq adların siyahısı Azərbaycan tərəfindən Rusiya Federasiyasının Müdafiə Nazirliyinə, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin əvvəlki və hazırkı komandanlığına təqdim edilib. Rusiya Müdafiə Nazirliyi məlumatları düzgün adlarla təqdim etməlidir. Adların Rusiya Müdafiə Nazirliyi tərəfindən düzgün qeyd olunmaması bölgədə sülhə, əminamanlığa yöndəldilmiş addım deyil. Bundan ruhlanan erməni revanşist qüvvələri bölgədə sülhə, əminamanlığa təhdid yaradırlar”, - deyə deputat bildirib.

O qeyd edib ki, hələ də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində separatçı erməni qüvvələri mövcuddur.

“Halbuki onlar 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata əsasən Azərbaycan ərazilərini tərk etməli idilər. Erməni seperatçı qüvvələrinin bu ərazilərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini davamlı şəkildə atəşə tutması sülhə və təhlükəsizliyə təhdidlərin bariz nümunəsidir. Düşünürəm ki, Rusiya Müdafiə Nazirliyi bu məsələlərə son qoymalı və bölgədə kövrək sülhə təhdid yaradan əməllərdən əl çəkməlidir. Belə addımlar cəmiyyətimizdə narazıçılıq doğurur və qətiyyətlə pislənilir”, - deyə deputat əlavə edib.

Hərbi ekspert Azər Bayramov isə Trend-ə açıqlamasında bildirib ki, Qarabağda yerləşən Rusiya sülhməramlıları təxribatla məşğuldur.

O qeyd edib ki, Rusiya sülhməramlıları onların bugünki gündə Azərbaycanın qanuni torpaqlarının bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq erməni toponimi ilə səsləndirilməsi birbaşa gərginliyin artmasına hesablanıb.

"Bu gündə ermənilər atəşkəsi pozub. Fikir versək görərik ki, atəşkəsin pozulması Rusiya sülməramlıların yerləşdiyi tərəflərdir. Bu təsadüfi deyil. Ordumuz erməni təxribatına qarşı hər zaman layiqli cavab verib. Bunu sentyabrda baş verən hadisələrdə gördük. Nə vaxta qədər ki, bu qüvvələr mövcuddur Ermənistan elə o vaxta qədər təxribatçı əməllərindən əl çəkməyəcək. Rus sülhməramlıları sülhdən başqa hər şeylə məşğuldur".

A.Bayramov qeyd edib ki Qarabağda yerləşən erməni separatçılarının həmin ərazilərdən çıxmasını Rusiya sülhməramlıları təmin etməli idi.

"Lakin bu günə qədər heç nə etmədilər. Əksinə həmin separatçı qüvvələr sülhməramlıların "kölgəsində" gizlənir. Bundan başqa sülhməramlılar Laçın dəhlizinə güclü nəzarət etmirlər və separatçıları silah-sursatla təmin olunur. Rusiya kontingentinin əsas məqsədi Moskvanın göstərişi ilə Ruben Vardanyanı mühafizə eləmək və onun təxribatçı hərəkətlərinə şərait yaratmaqdır. Rusiya sülhməramlıları hazırda erməni separatçılarını dəstəkləməkdir", - deyə ekspert bildirib.

Sülhməramlıların qərəzli fəaliyyəti isə öz növbəsində onların missiyasına tamamilə ziddir. İkinci Qarabağ müharibəsindən sonra regionda vəziyyətin normallaşması, sülh şəraitinin yaranması üçün Azərbaycan tərəfindən bir çox təşəbbüslər göstərilsə də, Rusiya sülhməramlılarının bu pozuculuq və vəziyyəti gərginləşdirmə cəhdləri regionda sülhü dəstəkləməyən hərəkətlərdir.

Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığının bu təzadlı addımları isə Azərbaycan ictimaiyyətində haqlı narazlıqla qarşılanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti