Bakı. Trend:
Ətraf mühitə dəymiş zərər qiymətləndirilməli və müvafiq proqram hazırlanmalıdır.
Trend-in məlumatına görə, bunu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusla görüşü zamanı deyib.
O qeyd edib ki, işğal illərində Ermənistan Azərbaycan ərazisindəki mədəniyyət abidələrini dağıdıb, həmçinin sərvətlərimizi qeyri-qanuni istismar edib, ətraf mühitə ziyan vurub.
""Qızılbulaq" yatağında qeyri-qanuni istismarın intensivləşdiyini müşahidə etdik. Bu məsələ Azərbaycanın müvafiq qurumları tərəfindən araşdırıldı və Müdafiə Nazirliyi Qarabağdakı Rusiya sülhməramlılarının komandanlığına müraciət etdi. İlk görüş Rusiya sülhməramlılarının rəhbərliyi ilə Xocalıda baş tutdu və dekabrın 10-da müvafiq qurumların "Qızılbulaq"da monitorinqinin aparılması razılaşdırıldı. Bu qeyri-qanuni fəaliyyət dayandırılmalı, ətraf mühitə dəymiş zərər qiymətləndirilməli və müvafiq proqram hazırlanmalıdır", - deyə H.Hacıyev bildirib.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə keçirilmiş müzakirələrin nəticəsi olaraq, dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərinə yola düşüb.
Monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdu. Lakin heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər. Beləliklə, nəzərdə tutulan ilkin baxış və monitorinq Rusiya sülhməramlıların nəinki lazımi şərait yaratmaması, əksinə, bu prosesin qəsdən pozulması ssenarisində iştirakına görə baş tutmayıb.
Dünən etibarən isə Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası davam edir. Aksiya iştirakçıları azərbaycanlı mütəxəssislərin Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edirlər.