Bakı. Trend:
Məlumdur ki, Fransanın ermənipərəst və anti-Azərbaycan mövqeyi Cənubi Qafqazda uzunmüddətli sülhün mövcudluğuna birbaşa təhdiddir. Çünki rəsmi Paris 44 günlük müharibədə olduğu kimi, post-müharibə dövründə də Azərbaycan əleyhinə sistemli təbliğat aparır.
Gah Fransa prezidenti Emmanuel Makron Azərbaycanın ərazi bütövlüyünü təhrif edən fikirlər səsləndirir, gah da Senat və Milli Assambleya ölkəmizin əleyhinə qətnamələr qəbul edir.
Həmçinin Paris Brüssel formatının dağılmasına yönələn təxribatçı addımlar atır, Laçın-Xankəndi yolunda ekofəalların həyata keçirdiyi aksiyanın məqsədlərini təhrif etməklə məşğul olur. Hətta Fransa məsələni Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına (TŞ) daşıyıb, Azərbaycanın əleyhinə qətnamə qəbul etməyə cəhd göstərməkdən belə çəkinmir. Təbii ki, Paris Azərbaycan diplomatiyası qarşısında məğlubiyyətə düçar olub.
Fransanın Azərbaycana qarşı yürütdüyü aqressiv siyasətdə diqqətçəkən məqamlardan biri də Parisin bu məsələdə yalnız olmasıdır. Yəni rəsmi Paris Avropada anti-Azərbaycan “ittifaqı” yarada bilmir. Avropa liderləri Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Məsələn, BMT-nin Təhlükəsizlik Şurasında anti-Azərbaycan qətnamənin əleyhinə səs verən ölkələrdən ikisi (Albaniya və Böyük Britaniya) Avropa dövlətidir.
Həmçinin digər Avropa liderləri də Fransanın İttifaqla Azərbaycanın əlaqələrinə zərbə vuran davranışlarını birmənalı qarşılamır.
Bunu yanvarın 13-də Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycan Prezidenti İlham Əliyevə zəngi bir daha sübut edir. Telefon söhbəti zamanı regional təhlükəsizlik məsələlərinə toxunan Frank-Valter Ştaynmayer Almaniyanın Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bilavasitə iştirakı ilə aparılan Avropa İttifaqı-Azərbaycan-Ermənistan üçtərəfli formatını dəstəklədiyini vurğulayıb.
Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə həyata keçirilən üçtərəfli danışıqları yüksək qiymətləndirdiyini vurğulayaraq, Azərbaycanın Avropa İttifaqı-Azərbaycan-Ermənistan üçtərəfli formatı çərçivəsində aparılan müzakirələr prosesinə sadiqliyini ifadə edib.
Eyni zamanda, telefon danışığı əsnasında Azərbaycanın ərazisində olan Xankəndi-Laçın yolundakı vəziyyət müzakirə edilib. Dövlətimizin başçısı bildirib ki, Ermənistanın yolun guya blokada şəraitində olması barədə iddiaları yalandır, yolda Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə və eləcə də digər humanitar yüklərin sərbəst hərəkəti təmin olunur.
Frank-Valter Ştaynmayerin Azərbaycan liderinə zəngi və hər iki tərəfi maraqlandıran mühüm məsələlərin müzakirə olunması Fransanın anti-Azərbaycan təbliğatının iflasa uğradığını, Avropa liderlərinin Parisin avantürasına uymadıqlarını göstərir.
Göründüyü kimi, Paris Avropada anti-Azərbaycan “ittifaqı” formalaşdıra bilmir. Əksinə Azərbaycana qarşı uğursuz diplomatik gedişlər edərək, beynəlxalq nüfuzuna zərbə vurur. Azərbaycanla yanaşı, elə Fransanın Avropadakı müttəfiqləri onun Bakıya qarşı qurduğu planları pozur.
Bütün sadalanan məqamlar göstərir ki, Avropa Azərbaycanı regional təhlükəsizlik baxımından vacib dövlət hesab edir, dəyərini anlayır. "Köhnə qitə"də həm siyasi, həm də iqtisadi təsirə malik olan Almaniyanın Azərbaycanın Cənubi Qafqazdakı sülhpərvər siyasətini dəstəkləməsi buna bariz nümunədir. Yəni Fransanın anti-Azərbaycan təbliğatı heç bir işə yaramayacaq.
Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan Avropa İttifaqı və Ermənistanın iştirakı ilə keçirilən üçtərəfli görüşləri, sülh müqaviləsi üçün atılan addımları dəstəkləyir. Bu səbəbdən, hazırda həm cəmiyyətimiz, həm də dünya birliyi rəsmi Bakının Azərbaycan-Ermənistan sülh prosesini pozmağa cəhd göstərən, Brüssel formatını dağıtmağa çalışan qüvvələrə necə sistemli müqavimət göstərdiyinə şahidlik edir. Proseslər göstərir ki, Bakı bundan sonra da hansısa kənar qüvvələrin prosesi pozmaq üçün apardığı təbliğata ciddi müqavimət göstərəcək.