...

Prezident İlham Əliyevin Qarabağ hədəfləri və əldə olunan uğurlu nəticələr

Siyasət Materials 20 Mart 2023 13:26 (UTC +04:00)
Prezident İlham Əliyevin Qarabağ hədəfləri və əldə olunan uğurlu nəticələr
Elvin Səxavətoğlu
Elvin Səxavətoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan xalqı 30 ilə yaxın dövr ərzində hər il Novruz bayramını Qarabağ həsrəti ilə qarşılayırdı. Amma 44 günlük Vətən müharibəsi nəticəsində bu həsrətə son qoyuldu.

Artıq Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva üçüncü ildir Novruz tonqalını işğaldan azad olunmuş ərazilərdə alovlandırır.

Ölkə başçısı bu illər ərzində Azərbaycan xalqına ünvanladığı Novruz təbriklərində Qarabağ və Şərqi Zəngəzurun inşası ilə bağlı mühüm açıqlamalar verib, hədəflər müəyyənləşdirib.

Müşahidələr göstərir ki, bölgənin inşası ölkə başçısının müəyyənləşdirdiyi hədəflərə uyğun şəkildə həyata keçirilir. Azərbaycan lideri 20 mart 2021-ci il tarixində Şuşada Cıdır Düzündə çıxışı zamanı şəhərin və digər azad olunmuş ərazilərin bərpası ilə bağlı proqramdan danışmışdı.

Sitat: "Biz Şuşanı bərpa edəcəyik, mütləq bərpa edəcəyik. Artıq bərpa işlərinə start verildi. Bu gün Şuşada olarkən artıq verdiyim tapşırıqların yerinə yetirilməsi ilə tanış oluram. Biz nəinki Şuşanı, azad edilmiş bütün torpaqları bərpa edəcəyik. Quruculuq işləri başlamışdır, infrastruktur layihələrinə start verilmişdir. Ziyanın hesablanması aparılır, şəhərlərin baş planları hazırlanır. Birinci növbədə, Ağdam şəhərinin və Ağdam rayonunun bütövlükdə baş planı hazırlanır, onun ilkin versiyası mənə təqdim edildi. Mənim tapşırıqlarımı nəzərə almaq şərtilə indi bunun üzərində iş gedir və yaxın gələcəkdə baş plan təsdiq olunacaq. Ondan sonra bərpa işləri azad edilmiş bütün torpaqlarda başlanacaq".

Ötən iki il yarım ərzində xüsusilə Şuşa şəhərində geniş abadlıq və quruculuq işlərinə şahidlik edirik. Artıq Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün heykəlləri Şuşaya qaytarılıb. Dahi Azərbaycan şairi Molla Pənah Vaqifin məqbərəsi bərpa bərpa edilib. Şuşada “Qarabağ” hoteli istifadəyə verilib, Şuşa Rayon Mərkəzi Xəstəxanasının təməli qoyulub, həmçinin Mehmandarovların malikanə kompleksində bərpa-quruculuq işlərinə başlanılıb. Füzulidən Şuşaya Zəfər yolun inşa edilib. Artıq Füzulidən Şuşaya təqribən iki saat yarım - üç saata gedə bilirik. Ötən dövr ərzində Şuşanın elektrik təsərrüfatı, su xətləri bərpa edilib. Füzulidən Şuşaya yüksəkgərginlikli xətlər çəkilib, həmçinin, şəhərdə yarımstansiya inşa olunub. Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa və Saatlı məscidlərində ilkin layihəyə uyğun təmir-bərpa işləri aparılır. Şəhərdə uzunluğu 36,2 kilometr olan mövcud yollarla yanaşı, həm də 17,6 kilometr yeni yolun inşası da nəzərdə tutulur. Şuşada yaşayış massivinin inşasına start verilib. Ümumi sahəsi 46.765 kvadratmetr olacaq yeni yaşayış massivi 6 məhəllədən ibarət olacaq və məhəllələr üzrə əhali sayı 2020 nəfər nəzərdə tutulur. Yaşayış massivində 25 binanın olacağı planlaşdırılır.

Prezident İlham Əliyev 2021-ci ilin avqustun 29-da 1-ci məhəllənin təməli qoyulub. Sürətli quruculuq işləri işğaldan azad olunmuş digər ərazilərdə də həyata keçirilir.

Ölkə başçısı 20 mart 2022-ci il tarixində Tərtər rayonunun işğaldan azad olunmuş Suqovuşan qəsəbəsinə səfəri zamanı bir sıra açılışlar etmişdi. Həmçinin, yeni infrastruktur layihələrinin təməlini qoymuşdu.

Prezident səfər çərçivəsində Suqovuşanda çəkilmiş müasir izolyasiyalı və mühafizəli kabel xəttinin təqdimatında, yeni tikiləcək məscidin və turizm kompleksinin təməlqoyma mərasimində iştirak edib. Bundan başqa, Prezident Müdafiə Nazirliyinin Suqovuşanda “N” saylı hərbi hissəsinin açılışında iştirak edib, qəsəbədə fərdi evdə aparılmış təmir-bərpa işləri ilə tanış olub, 144 şagird yerlik tam orta məktəbin binasına baş çəkib.

Ölkə başçısı 2023-cü ildə də Azərbaycan xalqının Novruz bayramını işğaldan azad olunmuş ərazilərdən təbrik etdi. Prezident martın 18-də Tərtər rayonunun Talış kəndinə və Suqovuşan qəsəbəsinə səfəri çərçivəsində Qarabağın və Şərqi Zəngəzurun inşası ilə bağlı danışıb.

Sitat: "Bu gün biz qurub-yaradırıq. O cümlədən burada, Talış kəndində, Suqovuşan qəsəbəsində, Hadrutda, Şuşada, bütün başqa azad edilmiş torpaqlarda qurub-yaradırıq. Ermənistan bu əraziləri viran qoyub, talan edib. Otuz il ərzində daşları bir-bir söküb həm Ermənistanda, həm də ki, Ermənistanın qonşu ölkəsində bazarlarda satdırıb. Biz isə qurub-yaradırıq. Görün, Talış kəndinin yenidən qurulmasına başlanmasından hələ bir il keçməyib. Artıq Talış kəndinə 20 ailə qayıdıbdır və 180-ə yaxın ailə qayıdacaqdır. Bu gündən bir il keçmədən Talış kəndində 180-ə yaxın ailə yaşayacaq. Bu ailələr üçün bütün imkanlar yaradılıb. İndi hər kəs görə bilər nə gözəl evlər, məktəb, uşaq bağçası, ictimai binalar tikilib, məşğulluq üçün şərait yaradılıb. Biz qurub-yaradan xalqıq. Ermənistandan fərqli olaraq, biz öz ərazimizdə qurub-yaradırıq".

Prezident səfər çərçivəsində Suqovuşanda 144 yerlik tam orta məktəbdə yaradılmış şəraitlə də tanış olub.

Güründüyü kimi, Tarixi Zəfərdən keçən iki il yarım ərzində Qarabağda və Şərqi Zəngəzurda sürətli quruculuq işləri aparılıb.

Şuşa şəhəri, Suqovuşan qəsəbəsi və Talış kəndi ilə yanaşı, Laçın, Zəngilan, Cəbrayıl, Ağdam, Kəlbəcər, Hadrut və Füzuli rayonlarında da sürətli abadlıq-quruculuq işləri həyata keçirilir. Ötən dövr ərzində Zəngilan rayonunun Ağalı kəndində "ağıllı kənd" inşa edilib. Birinci mərhələdə 66 ailənin (326 nəfər), indiyə qədər isə 86 ailənin (420 nəfər) Ağalıya köçürülməsi təmin olunub. Həmçinin, Zəngilan və Füzuli Beynəlxalq Hava Limanlarının açılışı olub. Rayonların ərazisində bir çox təsərrüfat obyektlərinin və biznes strukturlarının inşasına başlanılıb. Ağdamda “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının, o cümlədən “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, Ağdam Sənaye Parkının inşasına başlanılıb. Bundan başqa, Ağdama əhalinin köçürülməsi üçün də sürətli iş aparılır. Ağdam Rayon Mərkəzi Xəstəxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin təməlləri qoyulub.

Laçında da sürətli inşa işləri həyata keçirilir. Laçın Beynəlxalq Hava Limanının inşası plan üzrə davam etdirilir. Həmçinin, bu il Zabux və Sus kəndlərinə ilk köç baş tutacaq. Kəndlərdə 296 ailənin məskunlaşması nəzərdə tutulur.

Görülən işlərin intensivliyi göstərir ki, Qarabağın və Şərqi Zəngəzurun inşası ilə bağlı proqram uğurla icra olunur, qarşıya qoyulan hədəflərə vaxtında çatılır.

Azərbaycan xalqı da Prezident İlham Əliyevin bölgənin bərpası ilə bağlı təşəbbüslərini dəstəkləyir, görülən işləri yüksək qiymətləndirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti