...

Azərbaycanlılara məxsus 500 qəbiristanlıq, 391 məscid, 68 tarixi, 7 memarlıq abidəsi erməni vandalları tərəfindən dağıdılıb - Əhliman Əmiraslanov

Siyasət Materials 7 Aprel 2023 12:42 (UTC +04:00)
Azərbaycanlılara məxsus 500 qəbiristanlıq, 391 məscid, 68 tarixi, 7 memarlıq abidəsi erməni vandalları tərəfindən dağıdılıb - Əhliman Əmiraslanov

Bakı. Trend:

Qazandığımız Zəfər işğaldan azad olunan ərazilərə məcburi köçkünlərimizin qayıdışını təmin etməsi ilə bərabər, həm də bizim Qərbi Azərbaycan torpaqlarına qayıdışımızın təməlini qoyub. Qərbi Azərbaycan kökənli gənclərimiz Müzəffər Ali Baş Komandana olan inam və sevgi ilə “Qarabağ Azərbaycandır!” şüarı ilə Vətən Müharibəsində döyüşüb, Şəhid, Qazi, Vətən Qəhrəmanı olublar. Zəfərdən sonra indi qarşıda duran əsas məsələ Qərbi Azərbaycana Qayıdışdır. Bizim bir millət, xalq olaraq haqqımız var ki, ata-baba torpaqlarına geri dönək. Qərbi Azərbaycan ərazisində xalqımıza məxsus olan və min illər boyu əcdadlarımızın yaratdığı mədəni irsə sahib çıxmalıyıq.

Trend xəbər verir ki, bunu bunu bu gün UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimində çıxışı zamanı Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının rəhbri, akademik Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov qeyd edib ki, artıq İcma tərəfindən hazırlanan Qərbi Azərbaycana Qayıdış Konsepsiyası qəbul olunubdur. Sülhsevər Qayıdış Konsepsiyası tarixi faktlara, beynəlxalq konvensiya və beynəlxalq hüququn prinsiplərinə əsaslanır. Cənab Prezident İcma nümayəndələri ilə görüşündə onu da xüsusi olaraq vurğuladı ki, Qərbi Azərbaycan İcmasının çox mötəbər bir rəqəmsal platforması olmalıdır. Orada həm tarixi həqiqətlər, həm tarixi abidələrimiz, ermənilər tərəfindən dağıdılan saraylar, məscidlər, şəhərlər, Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı olan faktlar öz əksini tapmalıdır. Tarixi faktdır ki, Azərbaycanlılar bir vaxtlar mütləq əksəriyyəti təşkil etdikləri Ermənistandan tamamilə qovulublar. Onların indiki Ermənistan ərazisindəki tarixi və mədəni irsi, o cümlədən məscidləri və qəbiristanlıqlar kütləvi miqyasda dağıdılıb.

"Azərbaycanlılara məxsus 500 qəbiristanlıq, 391 məscid, 68 tarixi, 7 memarlıq abidəsi erməni vandalları tərəfindən dağıdılıbdır. Ermənistandakı azərbaycan mədəni irsinin demək olar ki, hamısı hərbi əməliyyatların təsiri olmadan, əvvəlcədən planlaşdırılmış şəkildə məhv edilib. Ermənistanın azərbaycanlıların mədəni irsinə qarşı törətdiyi qanunsuzluqlara irs nümunələrinin mənimsənilməsi və təhrif edilməsi də daxildir. Ermənistanda salamat qalmış yeganə məscid olan İrəvandakı Göy Məscid qəsdən yanlış şəkildə “fars məscidi” kimi təqdim edilir. Əslində, məscidi inşa edən və əsrlər boyu orada ibadət edənlər o vaxt şəhərdə mütləq əksəriyyəti təşkil etmiş azərbaycanlılar olublar. Ermənistan hökuməti orada Azərbaycan mədəniyyətinin son izlərini silməkdə davam edir. İrəvan şəhərinin Təpəbaşı məhəlləsi şəhərin tarixi mərkəzinin bu günə qədər gəlib çatmış yeganə parçasıdır. Bu məhəllə XVII əsrdən bu günə qədər İrəvanın tarixi yaddaşını özündə saxlayır. Tarixən azərbaycanlıların məskunlaşdığı Təpəbaşı məhəlləsi indi məhv olmaq təhlükəsi altındadır. Ermənistanın ayrı-seçkilik və etnik təmizləmə siyasəti Azərbaycanın qeyri-maddi mədəni irsinə də dağıdıcı təsir göstərmişdir", - deyə Ə.Əmiraslanov əlavə edib.

Onun sözlərinə görə, Ermənistanın Göyçə mahalında azərbaycanlılara qarşı apardığı etnik təmizləmə UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş Azərbaycan aşıq sənətinin beşiyi olan Göyçə aşıq məktəbinə sağalmaz yara vurmuşdur. Ermənistan hətta Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin doğma Göyçədəki abidəsini və məzarını dağıtmışdır. Ermənistan tərəfindən azərbaycan mədəni irsinin dağıdılması və zədələnməsi bizim mədəni hüquqlarımızı, xüsusən mədəni irslə təmasda olmaq və ondan istifadə etmək hüququmuzu pozur. Bu hüququn pozulması sabitliyə, ictimai birliyə və mədəni kimliyə təhlükə yaradır və regional təhlükəsizliyi ağırlaşdıran amil olaraq dialoq, sülh və barışığa ciddi mane olur.

"Biz Ermənistandan qovulmuş azərbaycanlıların Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində və Ümumdünya İnsan Hüquqları Bəyannaməsində tanınan hüquq və əsas azadlıqlara uyğun olaraq sülh yolu ilə təhlükəsiz şəkildə və ləyaqətlə öz yurdlarına qayıtmaları, qayıtdıqdan sonra kollektiv və fərdi hüquqlarının təmin edilməsi uğrunda mübarizə aparırıq. Bu, digər məsələlərlə yanaşı, Ermənistandan oradakı azərbaycan mədəni irsinin və mülkiyyətinin bərpası, mühafizəsi və saxlanması ilə bağlı beynəlxalq hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməsini tələb edir. Mədəni irsin qorunması təkcə beynəlxalq humanitar hüququn deyil, həm də Ümumdünya İnsan Hüquqları Bəyannaməsində qəbul edilən əsas hüquqlarının təmin edilməsindən irəli gələn tələbdir. Mədəni hüquqların, yəni bütün müxtəlifliyi ilə insan yaradıcılığının və onun həyata keçirilməsi, inkişaf etdirilməsi, əlçatan edilməsi, qorunub saxlanılması və mühafizəsi üçün şəraitin təmin edilməsi bizim əsas hüquqlarımızın ayrılmaz bir hissəsidir. Ermənistan bizim qayıdış dövründə və sonrada bu hüququmuzu təmin etmək üçün cavabdehdir. Bütün bunları nəzərə alaraq, biz mədəni irsimizin bərpası və qorunmasında UNESCO-nun dəstəyinə ümid edirik. Bu ölkədəki azərbaycan mədəni irsinin vəziyyətini, habelə mədəni irsin və mədəni hüquqların qorunması ilə bağlı Ermənistanın beynəlxalq öhdəliklərinə necə əməl etməsini qiymətləndirmək üçün bu ölkəyə faktaraşdırıcı missiyanın göndərilməsi bütövlükdə bəşəriyyətin mədəni irsinə dəyən zərərin aradan qaldırılmasına və bununla da davamlı sülhün əldə edilməsinə əvəzsiz töhfə olardı. Qərbi Azərbaycan İcması Ermənistanda azərbaycan mədəni irsinin qiymətləndirilməsi, bərpası, saxlanılması və mühafizəsi, Ermənistandan qovulmuş azərbaycanlıların öz mədəni irsindən istifadə etməyə dair mədəni hüquqlarının təmin edilməsi istiqamətində fəaliyyətlərin həyata keçirilməsində UNESCO ilə əməkdaşlığa hazırdır", - deyə Ə.Əmiraslanov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti