Bakı. Trend:
Azərbaycana minatəmizləmə prosesində dəstək göstərəcəyik.
Bu barədə bu gün Bakıda Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında Trend-in sualını cavablandırarkən deyib.
"Bugünkü görüşlərimizdə mina təhlükəsi ətraflı müzakirə etdiyimiz mövzulardan biri idi. ATƏT bu istiqamətdə təcrübələrini Azərbaycanla bölüşəcək və dəstək göstərəcək. Lazımı layihələri inkişaf etdirməliyik ki, Azərbaycana minatəmizləmə işləri, mina təhlükəsi xəbərdarlığı ilə bağlı dəstək verək. Bu, razılaşdığımız məqamlardandır. Bununla bağlı gələcəkdə təşəbbüslər formalaşdıracağıq", - nazir əlavə edib.
Qeyd edək ki, Azərbaycanda postmünaqişə dövründə 75 min hektardan çox ərazi minalardan təmizlənib. 85 mindən çox mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.