Bakı. Trend:
Azərbaycan Xarici İşlər Nazirliyi Tərtərdə mina partlayışı ilə bağlı bəyanat yayıb.
Trend-in xəbərinə görə bəyanatda deyilir:
"28 aprel 2023-cü il tarixində Tərtər rayonunda mina partlayışı nəticəsində 3 nəfər mülki şəxs həlak olub.
Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə
başsağlığı veririk. Allah rəhmət eləsin!
Bununla, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən indiyə qədər
ümumilikdə 298 nəfər mina qurbanı olmuş, onlardan 54 nəfər həlak
olmuşdur.
Tərtərdə baş verən mina partlayışı bir daha onu göstərir ki,
Azərbaycana yararlı və düzgün mina xəritələrini təqdim etməyən,
Üçtərəfli bəyanatın 6-cı bəndini kobudcasına pozaraq Azərbaycan
ərazisində hərbi fəaliyyəti və minaların yerləşdirməsini davam
etdirən Ermənistanın əsas məqsədi post-münaqişə dövründə aparılan
genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət
göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına
və öz yerlərində dinc yaşamasına maneçilik yaratmaqdır.
Beynəlxalq ictimaiyyəti Ermənistanın beynəlxalq öhdəliklərini kobud
şəkildə pozmasına, o cümlədən məqsədli şəkildə minalar yerləşdirmək
siyasətinə göz yummamağa çağırırıq".