Bakı. Trend:
Bu gün Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü tamam olur. Heydər Əliyev ömrünün böyük hissəsini Azərbaycan xalqına, Vətənə xidmətə həsr edib. Heydər Əliyev çox gənc yaşlarından Azərbaycan xalqı uğrunda fədakar fəaliyyətə başlayıb. Bu baxımdan Heydər Əliyevin ömrünü xalqa, Vətənə həsr edilən ömür adlandırmaq olar.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
O bildirib ki, istər sovet hakmiyyəti, istərsə də müstəqillik dövründə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlər ölkəmizdə dinamik inkişaf, sürətli tərəqqi ilə müşayiət edilib.
“Heydər Əliyev daim doğma xalqının mənafelərini müdafiə edib və respublikamızın inkişafı üçün bütün mümkün imkanlardan istifadə edib. Dərin zəka və geniş təfəkkürə malik olan Heydər Əliyev düşünülmüş, məqsədyönlü və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan xalqını ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etməyi bacarıb, bütün sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirib və məharətlə həyata keçirib.
Ulu Öndərin 14 iyul 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlişi ölkəmizdə ilk növbədə milli dirçəlişin əsasının qoyulması baxımından müstəsna əhəmiyyət kəsb edib.
Bu mənada Heydər Əliyevin həmin dövrdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin KP MK-nın Birinci katibi seçilməsi ölkə tarixində yeni dövrün başlanğıcı oldu. Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişi olduqca mürəkkəb tarixi bir dövrə təsadüf edib”, - deyə A.Həsənova bildirib.
O qeyd edib ki, keçən əsrin 60-cı illərində Azərbaycan digər
sovet respublikaları ilə müqayisədə iqtisadiyyatın bir çox
sahələrində inkişaf baxımından geridə qalır və ölkənin
potensialından lazımi səviyyədə istifadə olunmurdu.
“Digər bir problem milli özünüdərk sahəsində göstərirdi. Məhz belə
bir mürəkkəb mərhələdə Heydər Əliyevin hakimiyyətə gəlməsinin
iqtisadi dirçəliş və milli özünüdərkə aparan yolun başlanğıcı kimi
xarakterizə edilə bilər. Heydər Əliyevin rəhbərliyi altında ölkə
iqtisadiyyatında, ictimai-siyasi həyatında köklü dəyişikliklər baş
verdi, Azərbaycan öz inkişafında yeni mərhələyə qədəm qoydu.
Azərbaycan müstəqillik qazandıqdan sonra da çətin və mürəkkəb
bir sınaq qarşısında qaldı.
Ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən
Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili
çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və
dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Ölkəni belə
bir mürəkkəb vəziyyətdən çıxara biləcək liderin hakimiyyətə gəlməsi
və siyasi institutun yaradılması tarixi zərurətə çevrilmişdi. Belə
bir çıxılmaz vəziyyətdə xalqımız yeganə çıxış yolunu ümummilli
lider Heydər Əliyevin liderliyində gördü.
Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev ilk novbədə ölkədə siyasi sabitliyi təmin etdı.
Ölkənin gələcək inkişaf strategiysanı müəyyənləşdirərək onun müstəqilliyini əbədiləşdirdi. Azərbaycan dövləti Heydər Əliyevin liderliyi ilə öz hüquqi və siyasi-iqtisadi suverenliyi istiqamətində uğurla irəliyə getməyə başladı. Cəmiyyətdə sürətlə formalaşan ictimai-siyasi sabitlik ölkəmizin bütün sahələrdə inkişafına möhkəm zəmin yaratdı. Məhz Heydər Əliyev ötən əsrin 90-cı illərində Azərbaycanı məhv olmaqdan xilas etdi. Müdrik xalqımız növbəti dəfə taleyini Heydər Əliyevə etibar etməklə parçalanmaqdan, yox olmaqdan qurtuldu, Azərbaycan bir dövlət olaraq əsl müstəqilliyinə qovuşdu, yeni inkişaf mərhələsinə yüksəldi”, - deyə deputat əlavə edib.
O vurğulayıb ki, Qarabağın azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, məcburi köçkünlərin öz evlərinə qayıtması Ümummilli Liderin ən böyük arzuları sırasında idi.
“Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir.
O, Prezident olaraq vaxtının və enerjisinin böyük hissəsini bu problemlərə həsr etmişdi. Onun zəhməti hədər getmədi. Prezident İlham Əliyev Ulu Öndərin bütün ümidlərini doğrultdu. 44 günlük Vətən müharibəsi ilə Qarabağ azad edildi.
2020-ci il noyabr ayının 8-də Şuşanın azad olunması münasibətilə Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində belə bir ifadə işlətdi: "Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim!". Bütün Azərbaycan xalqını yaxşı mənada silkələyən bu fikirləri Heydər Əliyevin arzularının ən böyük təntənəsi saya bilərik...
Bu gün Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş, qalib bir dövlətdir və yeni zirvələrə doğru irəliləməkdədir”, - deyə A.Həsənova əlavə edib.