...

Paşinyanın 6 ay "ömrü" qaldı - Ermənistan əlini daşın altına qoyacaq, yoxsa başını?

Siyasət Materials 20 May 2023 11:57 (UTC +04:00)
Paşinyanın 6 ay "ömrü" qaldı - Ermənistan əlini daşın altına qoyacaq, yoxsa başını?
Təhməz Əsədov
Təhməz Əsədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə Reykyavikdə mayın 17-də Avropa Şurasının sammitində çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyünü tanıdığını təsdiq etdi. Belə olan təqdirdə İrəvana Bakı ilə yaxın həftələrdə sülh müqaviləsi və yaxud da iki ölkə arasında münasibətlərin normallaşmasına dair çərçivə sazişini imzalamağa görəsən nə mane olur?

Mayın 19-da Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərləri arasında keçirilən görüşdən belə nəticə çıxdı ki, Ermənistan sülh təşəbbüsünə dəstək verir. Həqiqətən də bu addımda rəsmi İrəvan səmimidirsə, sülh istiqamətində irəliyə doğru atılan addım hesab edilə bilər. Amma Azərbaycanın Ermənistan tərəfindən hələ ki, bu cür bəyanatlara inanması üçün heç bir əsas yoxdur.

Bununla bağlı ən doğru açıqlamanı dövlət başçısı İlham Əliyev ötən gün (mayın 19-da) Hindistanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edərkən etdi: "Ermənistan sülh istəyirsə onda nə üçün 100 milyonlarla dollar dəyərində silah alır?".

Prezident İlham Əliyevin bu yığcam ritorik sualında əslində çox böyük həqiqət sığışıb. Həqiqət ondan ibarətdir ki, elə Hindistanın özünün 44 günklük müharibədən sonra Ermənistana açıq dəstək verdiyi, onun silahlandırılması istiqamətində imzaladıqları sənədlərin bir səbəbi var: Ermənistanı Azərbaycana qarşı yeni hərbi tədbirlər görməyə sövq etmək.

Dövlət başçısının məhz bu ifadələri elə Hindistanın ölkəmizə yeni təyin olunan səfiri ilə görüşdə qeyd etməsi, tək Ermənistana yox, onu silahlandıran qüvvələrə də ünvanlanmış mesajdır. Mesaj isə ondan ibarətdir ki, regionda sülh istəyən aktorlar Ermənistanı silahlandırmaqdan çəkinməlidir. Əgər Ermənistanı güclü görmək istəyirsinizsə, onu silahlandırmaq əvəzinə sülhə töhvə verin.

Prezidentin bu fikirləri tamamilə regiondakı yeni geosiyasi proseslərə əsaslanır. Çünkü Ermənistan bu gün nə qədər silahlandırılsa da Azərbaycanın qarşısında dayanacaq gücdə olmayacaq. Əgər rəsmi İrəvan ona istər Fransa, istər İran, istərsə də Hindistan və digər havadarlarından havayı silahların göndərilməsindən həvəslənib, Azərbaycana qarşı yeni işğal planı qurursa, bu, Ermənistanın sonu ola bilər. Cənab İlham Əliyevin də qeyd etdiyi kimi Ermənistan və onu revanşa körükləyən aktorlar bilməlidirlər ki, Azərbaycanın Ordusu indi 44 günlük müharibədəki Ordusundan da güclüdür.

Belə məqamda xüsusilə də Nikol Paşinyan Prezident İlham Əliyevin 2023-cü ilin Ermənistan üçün sonuncu tarif olduğunu bəyan etməsini unutmamalıdır. Çünkü bu zamana kimi Ermənistan hərbi-siyasi rəhbərliyi Azərbaycan liderinin hansı mesajına ki, etinasız yanaşıbsa, onun cəzasını artıqlaması ilə çəkib. Rəsmi Bakı etdiyi açıqlamalar, səsləndirdiyi bəyanatlar və verdiyi mesajlarını praktiki olaraq icra etməsinə görə özünü dəfələrlə isbatlayıb. İndi isbatlamaq zamanı Ermənistandadır.

Belə ki, iki gün əvvəl Reykyavikdə Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü, Qarabağın Azərbaycan ərazisi olduğunu növbəti dəfə bildirməsinin, dünən Ararat Mirzoyanın sülhlə bağlı verdiyi müsbət siqnalların sabun köpüyü, vaxt uzatmaq üçün hazırlanmış növbəti ssenari olmadığını isbatlamaq zamanıdır.

Əgər Ermənistan tərəfinin sözü ilə əməli üst-üstə düşməməkdə davam edəcəksə, Azərbaycan bütün məsuliyyəti öz üzərinə götürüb, prosesləri danışıq masasından çıxarmaq zərurətini hiss edəcək. Rəsmi İrəvan sülh istəmirsə, Bakı üçün də artıq bunun elə böyük əhəmiyyət kəsb etmədiyini Prezident İlham Əliyev də aydın şəkildə ifadə edib.

Böyük ehtimalla sülh danışıqlarında Ermənistanın yekun məqsədi qarşıda Ermənistan və Azərbaycan dövlət başçılarının Moskva görüşü (25 may) və Brüssel təmaslarında (1 iyun) daha aydıən şəkildə ortaya çıxacaq. Artıq Ermənistana verilən vaxtın tən yarısı bitir. Geridə qalan aylar ərzindəki kimi Ermənistan destruktiv siyasətindən əl çəkməyəcəyi təqdirdə qarşıda hansı hadisələrə şahid olacağımızı proqnozlaşdırmaq elə də çətin deyil.

Əslində dünən Bayramov-Mirzoyan görüşündə də rəsmi İrəvanın sülh üçün əsas olan ərazi iddiası mövzusundan qaçması Ermənistanın manipulyasiya cəhdlərinin qarşıdakı görüşlərdə də davam edəcəyinə bir işarədir. Ermənistan xarici işlər naziri dünən kommunikasiyalarla, eyni zamanda delimitasiya və demarkasiya ilə bağlı açıqlaması (yaxın vaxtlarda bununla bağlı işçi qrupları yenidən fəaliyyətə başlayacaq), amma əvəzində ərazi bütövlüyündən və Qarabağdan danışmaması onu göstərir ki, Ermənistan vaxt qazanmaq, danışıqları saqqız kimi uzatmaq üçün bu cür gedişləri məqbul sayır.

Amma Ermənistan bir şeyi hesaba qatmaqda, dəqiq hesablamaqda hələ də çətinlik çəkdiyini göstərir. Bu, rəsmi Bakının İrəvanın "Axilles dabanı"nı tapdığı ilə bağlıdır. Azərbaycan üçün Ermənistana istənilən şəraitdə sülh sənədini imzalatmaq çətinlik törətməyəcək. İrəvan üçün isə bu oldyuqca faciəvi mənzərə ilə yadda qala bilər. Çünkü psotkonflikt dövründə beynəlxalq ictimaiyyətin etimadını hər ötən gün daha çox qazanmağa başlayan bir Azərbaycan var və dünya şahid olur ki, Azərbaycan Ermənistanla bütün məsələləri danışıqlar masası arxasında həll etmək üçün hara dedilər getdi.

Ona görə də sonra dizlərinə, başlarına döyməmək üçün bu gün Cənubi Qafqazda vasitəçilik uğrunda qızğın mübarizə aparan ABŞ-Avropa İttifaqı tandemi və Rusiya birmənalı şəkildə başa düşməlidir ki, Azərbaycanın əsas tələbi konkret nəticələrin əldə edilməsidir. Çünkü Ermənistanın sülhdən yayınması onu tək ağır məğlubiyyətə düçar etməyəcək, eyni zamanda Qərbi Zəngəzur məsələsinin gələcəyi də hələlik İrəvanın öz əlindədir. Bu səbəbdən də Ermənistan siyasi rəhbərliyi havadarlarının tapşırıqları, sifarişləri əsasında addım atmaq əvəzinə nəhayət qətiyyət göstərib müstəqil siyasət yürüdərək bütün məsuliyyəti üzərinə götürməlidir. İrəvan əlini daşın altına qoyması, başı orada qalacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti