...

Azərbaycan-Özbəkistan münasibətlərinin tarixində yeni səhifə açılır - Vüqar Rəhimzadə

Siyasət Materials 23 Avqust 2023 16:54 (UTC +04:00)
Azərbaycan-Özbəkistan münasibətlərinin tarixində yeni səhifə açılır - Vüqar Rəhimzadə

Bakı. Trend:

Bu gün böyük ailə olan türk dünyası birliyi, həmrəyliyi ilə diqqətdədir. Reallıq budur ki, tarixi Zəfərimizdən sonra bu birlik daha da möhkəmlənib. Bunu türkdilli ölkələrin dövlət başçılarının qarşılıqlı səfərləri, əməkdaşlığın çoğrafiyasının genişlənməsində, həmçinin əlaqələrin daha da dərinləşməsində hüquqi baza rolunu oynayan sənədlərin imzalanması da təsdiqləyir.

Avqustun 22-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkəmizə dövlət səfəri edib. Məlum olduğu kimi Şavkat Mirziyoyev ötən ay Özbəkistanda keçirilən prezident seçkilərində xalqın növbəti dəfə etimadını qazanaraq yenidən Prezident seçildi. Bu səfərin özəlliyi ondadır ki, cənab Şavkat Mirziyoyev Prezident seçildikdən sonra ilk səfərini məhz Azərbaycana etdi. Prezident İlham Əliyev və onun özbəkistanlı həmkarı Şavkat Mirziyoyev mətbuata bəyanatlarında bu mühüm məqamı xüsusi olaraq diqqətə çatdırdılar ki, Azərbaycan və Özbəkistan iki yaxın xalq, iki yaxın ölkədir. Dövlət başçılarının şəxsi münasibətləri əlaqələrin yeni mərhələyə yüksəlməsini şərtləndirir.

Bu fikirləri Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə diqqəti iki dost ölkənin prezidentlərinin təkbətək və geniş tərkibdə keçirilən görüşlərinə yönəldərək bildirib ki, səfər çərçivəsində müxtəlif sahələr üzrə ümumilikdə imzalanan 20 sənəd əlaqələrin gələcək inkişafı barədə aydın təsəvvür yaradır. Bu sənədlər arasında Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin imzaladıqları “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə”ni xüsusi qeyd etmək istərdik. Bu sənəd həm ölkələrimiz arasında qədim tarixə malik münasibətlərin bu gün yüksək səviyyədə olduğunu, həm də ikitərəfli əməkdaşlığın gündəliyinin kifayət qədər zənginliyini nümayiş etdirir. Bu mühüm məqam da daim önə çəkilir ki, dahi özbək mütəfəkkiri Əlişir Nəvai öz “Xəmsə”sini Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq qələmə alıb. Daşkənd və Bakı şəhərlərində Nizami Gəncəvi və Əlişir Nəvainin abidələrinin ucaldılması, paytaxt Bakının küçələrindən birinə dünya şöhrətli astronom Mirzə Uluqbəyin adının verilməsi azərbaycanlılar və özbəklər arasında tarixən mövcud olan qarşılıqlı marağın və hörmətin parlaq nümunələrindən biri kimi qeyd edilir. Özbəkistan Prezidentinin ölkəmizə səfəri çərçivəsində Füzuli rayonuna gəlməsi, məhz özünün təşəbbüsü ilə Füzulidə inşa olunan və Mirzə Uluqbəyin adını daşıyan 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirakı da möhkəm təmələ əsaslanan dostluğumuzun, qardaşlığımızın uğurlu gələcəyinin əyani təsdiqlərindəndir.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, dövlət başçısı İlham Əliyev Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə Füzulidə tikilən və səfər çərçivəsində açılışı olan məktəbi Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsi kimi dəyərləndirdi. Bu, eyni zamanda, qardaşlığın, həmrəyliyin, dəstəyin nümunəsi kimi qeyd olundu. Dövlət başçısı İlham Əliyev belə bir əminliyi də ifadə etdi ki, bu, təkcə təhsil ocağı deyil, eləcə də dostluğumuzun və qardaşlığımızın daha bir mərkəzi olacaq. Özbəkistan Prezidentinin bu səfərinin ölkələrimiz arasında münasibətlərin tarixində tamamilə fərqli, olduqca əhəmiyyətli və yaddaqalan səhifə açacağını şərtləndirən xeyli məqamlar var.

Vüqar Rəhimzadə böyük qürur hissi ilə vurğulayıb ki, Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının qapısını dünyaya açan Azərbaycan qonaqlarını 30 ildən sonra tarixi sahibinə qovuşan torpaqlarda qarşılamaqdan məmnunluq hissi keçirir. Artıq bu ərazilərimizdə yeni həyat başlayır. Özbəkistan Prezidentinin Füzuli rayonuna səfəri soydaşlarımızın ilk mərhələsinin bu torpağa qayıdışına təsadüf etdi. Füzuli Beynəlxalq Hava Limanında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin və xanımı Ziroatxon Mirziyoyevanın Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qarşılanması işğaldan azad edilmiş ərazilərimizin həyatında tarixi hadisədir.

Hazırda Böyük Qayıdışın sevincini yaşayan füzulililər Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin və xanımı Ziroatxon Mirziyoyevanın bu torpaqda inşa edilən məktəbin açılışında iştirak etmələrindən, həmçinin dövlət başçılarının Füzuli şəhərindəki MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüşlərindən qürur hissi keçirirlər. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva Füzuli şəhərinin Baş planı ilə də tanış oldular. Dost ölkənin Prezidentinin işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa işləri ilə yaxından tanış olmaq istəyi həmrəyliyimizin, qardaş dəstəyinin göstəricisidir.

YAP Xətai rayon təşkilatının sədri türk dünyasının birliyinə böyük töhfə olacaq bu səfərin ayrı-ayrı məqamlarına xüsusi diqqət çəkərək belə bir ümumiləşdirmə aparıb ki, səfər zamanı Azərbaycan-Özbəkistan münasibətlərinin yeni mərhələdə konturları təqdim edildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti