...

Ermənistan Azərbaycana qarşı mina terrorunu davam etdirir - Deputat

Siyasət Materials 19 Sentyabr 2023 10:49 (UTC +04:00)
Ermənistan Azərbaycana qarşı mina terrorunu davam etdirir - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Təəssüf ki, Xocavənddə Azərbaycan vətəndaşları yenə erməni terrorunun qurbanı oldular. Ermənistan Azərbaycana qarşı mina terrorunu davam etdirir.

Bunu Trend-ə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O qeyd edib ki, Ermənistan tərəfi hələ də Azərbaycana mina xəritələrini təqdim etməyib.

“Verilən az sayda xəritələrin də böyük hissəsi yanlışdır. Bu, onu göstərir ki, Ermənistanın Azərbaycana qarşı mina terroru davam edir. Vətən müharibəsindən indiyə qədər 400 nəfərə yaxın Azərbaycan vətəndaşı ermənilərin mina terrorunun qurbanına çevrilib.

Azərbaycanın bu məsələni dəfələrlə qaldırmasına baxmayaraq, Ermənistanın mina xəritələrini verməməsi bir daha onu göstərir ki, Ermənistan hələ də çirkli, məkirli niyyətlərindən əl çəkməyib və yenə Azərbaycana qarşı terrorçu əməllərini davam etdirir. Son hadisələr göstərdi ki, Azərbaycan ərazilərində minaların əksəriyyəti ermənilər tərəfindən 2020-ci ildə Vətən müharibəsindən sonra basdırılıb. Laçında, Kəlbəcərdə və digər ərazilərdə aşkarlanan minalar bunu sübut edib.

Bu gün Azərbaycan bölgəyə sülhün gəlməsi üçün çalışır, ancaq Ermənistan yenə də öz çirkin məqsədlərindən əl çəkmir.

Hesab edirəm ki, Ermənistana beynəlxalq təzyiqlər artırılmalıdır və onun bu kimi çirkin əməllərinə son qoyulmalıdır və Ermənistan törətdiyi bu cinayət əməllərinə görə cəzalandırılmalıdır”, - deyə deputat əlavə edib.

Qeyd edək ki, sentyabrın 19-da saat 04 radələrində Xocavənd rayonu ərazisində yük avtomobili tank əleyhinə minaya düşüb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “Hovo” markalı yük avtomobilinin minaya düşməsi nəticəsində sürücü və sərnişini hadisə yerində həlak olublar.

19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlayıb, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti