...

Antiterror tədbirləri beynəlxalq hüquqa tam uyğun şəkildə reallaşdırılıb - Sahibə Qafarova (FOTO)

Siyasət Materials 28 Sentyabr 2023 09:49 (UTC +04:00)
Antiterror tədbirləri beynəlxalq hüquqa tam uyğun şəkildə reallaşdırılıb - Sahibə Qafarova (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın lokal antiterror tədbirləri zamanı mülki əhali və obyektlər hədəfə alınmayıb və bu tədbirlər beynəlxalq hüquqa, o cümlədən, beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə reallaşdırılıb.

Trend-in məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova İrlandiya Respublikası Parlamentinin Nümayəndələr Palatasının sədri Şon Oferghail ilə görüşdə səsləndirib.

Görüşdə regionda mövcud olan vəziyyət barədə geniş məlumat verən Sahibə Qafarova xatırladıb ki, Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad etməklə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını öz gücünə təmin edib və qarşı tərəfə beynəlxalq hüquqa əsaslanan 5 prinsipdən ibarət sülh sazişi təklif edib.

O qeyd edib ki, artıq 3 ilə yaxındır ki, Ermənistan bu sənədi imzalamayıb. Milli Məclisin sədri, həmçinin diqqətə çatdırıb ki, Ermənistan “blokada”, “humanitar böhran” kimi əsassız iddialarla beynəlxalq miqyasda Azərbaycana qarşı siyasi şantajını davam etdirib.

Spikerin sözlərinə görə, Ermənistan bu müddət ərzində Qarabağdan 10 min hərbçisini çıxarmayıb, onlara maddi dəstək verib, silah-sursatla təmin edib, Azərbaycanın Qarabağ bölgəsindəki qondarma rejimi dəstəkləyib. Sahibə Qafarova Ermənistanın ötən dövr ərzində sərhəddə təxribatlar törətdiyini, Azərbaycan ərazilərini minalamaqda davam etdiyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, ötən həftə bu təxribatların sayı daha da artıb.

Belə ki, erməni kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər və hərbi qulluqçularımız həlak olub və yaralanıb. Bütün bunlar Azərbaycanın lokal antiterror tədbirlərinə başlamasına səbəb olub.

Sahibə Qafarova deyib ki, bu tədbirlərin məqsədi Azərbaycanın Qarabağ regionunda qeyri-qanuni erməni silahlı qüvvələrinin mümkün hərbi təxribatlarının və terror aktlarının qarşısını almaq, terrorçu dəstələri Azərbaycanın Qarabağ regionundan çıxarmaq olub. Lokal xarakterli anti-terror tədbirləri həmçinin, dinc əhali, o cümlədən ərazidə aparılan bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədi daşıyıb.

Spiker Sahibə Qafarova bildirib ki, sentyabrın 20-də Qarabağın erməni sakinlərinin nümayəndələrinin müraciətini nəzərə alaraq tam atəşkəs haqqında razılaşma əldə olunub. Bu razılaşmaya əsasən, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoymalı, döyüş mövqelərindən və hərbi postlardan çıxmalı və tam şəkildə tərksilah olunmalıdır. O, hazırda bu prosesin həyata keçirildiyini söyləyib.

Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələnib. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olunub və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırılıb.

Əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş keçirilib. Görüş zamanı erməni tərəfi bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsini istəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti