...

Ermənistanın 2 ay vaxtı var - Paşinyan çıxılmaz vəziyyətdə: Bakı hər ssenariyə hazırdır

Siyasət Materials 18 Oktyabr 2023 11:03 (UTC +04:00)
Ermənistanın 2 ay vaxtı var - Paşinyan çıxılmaz vəziyyətdə: Bakı hər ssenariyə hazırdır
Təhməz Əsədov
Təhməz Əsədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Ermənistan liderləri arasında oktyabrın sonlarında növbəti Brüssel görüşü gözlənilir. Məhz bu görüş öncəsi Nikol Paşinyan yenə sülhpərvər donunu geyinib, düşüb Qərbin canına. Ötən gün Avropa Parlamentinin iclasına qatılan Ermənistan baş nazirinin açıqlamaları belə deməyə əsas verir. Paşinyan ilk baxışdan belə görüntü yaratmağa çalışdı ki, rəsmi İrəvan Bakı ilə sülh danışıqlarını müzakirə edib, yekun sənədlərin imzalanmasına tam hazırdır.

Amma bu hal-qəziyyə bizə yad deyil. Bundan öncə də dəfələrlə Nikol Paşinyanın baş rolda olduğu eyni proseslərə geridə qalan 3 il ərzində dəfələrlə şahid olduq. Belə görünür, Ermənistan tərəfi yenidən eyni "məntiqlə" çıxış edəcəkləri təqdirdə dünya ictimaiyyətini aldada biləcək. Lakin Prezident İlham Əliyevin ötən gün Füzuli sakinləri və ictimiayyət nümayəndələri ilə görüşündə də qeyd etdiyi ki, "200-dən çox ölkə var, 20-30 ölkə beynəlxalq ictimaiyyət sayıla bilməz".

Buna rəğmən Ermənistan bu zamana kimi də ermənipərəst, qərəzli mövqe tutan bəzi Qərb dövlətlərinin arasında özünü sığortalamaq, prosesləri qabaqlamaq məqsədi ilə qulağa xoş gələcək açıqlamalar səsləndirməklə, hadisələrin sonrakı mərhələsində proseslərə mane olmaq üçün ortaya atacaqları təxribatlarda əlini gücləndirməyi planlaşdırdığı istisna edilmir.

Paşinyan Avropa Parlamentindəki çıxışı zamanı Ermənistanın Mehri dəmir yolu xəttini bərpa etməyə hazır olduğunu bildirərkən hətta belə bir fikir səsləndirib: “Ermənistan öz ərazisindən tranzit prosedurlarını sadələşdirməyə hazırdır”. Yəni Paşinyan demək istəyib ki, Zəngəzur dəhlizindən istifadə edəcək Azərbaycan vətəndaşlarının yoxlanılması sadələşdirilmiş formada həyata keçiriləcək. Onun budəfəki bəyanatına inansaq, "Nikol Paşinyan dəhliz məsələsində zamanın Ermənistanın əleyhinə işlədiyini anlayır" görüntüsü ortaya çıxmış olur.

Ermənistan baş naziri Avropa Parlamentində çıxışı zamanı onu da bildirib ki, ilin sonuna qədər Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması yüksək dərəcədə realdır. Oxşar açıqlamanı daha əvvəl Azərbaycan prezidenti İlham Əliyev səsləndirmişdi. Belə görünür ki, Paşinyan Prezident İlham Əliyevin sözügedən bəyanatı qarşısında yenidən uduzduğunu anlayıb və dünya ictimaiyyəti qarşısında özünü sığortalamaq məqsədi ilə belə bir açıqlama vermək məcburiyyətini hiss edib. Əslində Ermənistan baş nazirinin sülhlə bağlı son açıqlamalarını tamamilə rəsmi Bakı qarşısında daha bir diplomatik uğursuzluğa düçar olmamaq məqsədi ilə atılmış məcburi addım kimi də dəyərləndirə bilərik.

Digər yandan Qarabağ yükündən qurtulan Paşinyanın Rusiyadan da qurtulmaq üçün məhz Azərbaycanla sülh məsələsindən yararlanmaq barədə düşündüyü istisna edilmir. Onun sülh sazişi ilə bağlı yekun danışıqlar üçün Brüsseli göstərməsi bir daha təsdiq edir ki, Bakı ilə danışıqları yekunlaşdırmağa və sülh sazişini Brüsseldə imzalamaq istəyi Moskvanı proseslərdən kənarda tutmaq niyyətindən başqa bir şey deyil.

Azərbaycanın sülh mövqeyində heç bir əsaslı dəyişiklik yoxdur. Rəsmi Bakı əvvəllər olduğu kimi, hazırda da Ermənistanla münasibətlər mövzusunu dövlətlərarası, Qarabağ mövzusunu isə daxili məsələ kimi fərqləndirir. Prezident İlham Əliyev bu barədə ötən gün növbəti dəfə açıq şəkildə bəyan etdi: "Qarabağ münaqişəsi mövzusu bağlandı birdəfəlik! Separatçıların kitabı bağlandı birdəfəlik!".

Qarabağda beynəlxalq iştirak mövzusu yalnız Bakı tərəfindən tənzimlənir və bu məsələnin artıq Ermənistanla yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Ermənistanın mövqeyinə gəlincə, İrəvan artıq xüsusilə lokal xarakterli antiterror tədbirlərindən (19-20 sentyabr) sonra məcburi korrektələr etməli olub. Geridə qalan 3 il ərzində Qarabağ erməniləri məsələsini manipulyasiya vasitəsinə çevirən və Azərbaycana təzyiq elementi kimi istifadə edən İrəvan indi yalnız öz təhlükəsizliyi mövzusu ilə məhdudlaşmağa məcbur qalıb. Təbii ki, Ermənistan rəhbərliyinin uzunmüddətli planları da var, lakin onların reallaşdırılması ehtimalı Qarabağ erməniləri məsələsinə Qərbin dəstəyinin hansı dərəcədə olacağından asılıdır. Çox güman ki, Nikol Paşinyan AP-də qeyd etdiyi kimi Brüsseldəki yekun sülh sənədinin imzalanması məsələsindən yayınmaq üçün son anda yeni şərtlər irəli sürməsə və Fransanın pozuculuğu qarşısında baş əyməsə sülh sazişinin qısa müddətdə imzalanması labüdə çevriləcək.

Bəli, yenə Qərb, yenə Fransa... Prosesin ən maraqlı məqamlarından biri, heç şübhəsiz ki, Qərbin Cənubi Qafqaz siyasətidir. Əslində Fransa öz natamam və birtərəfli yanaşması ilə bölgədə uğursuzluğa düçar olub. Elə Nikol Paşinyanın Brüssel formatını böyük ehtimalla aktuallaşdırmaq cəhdi məhz Qərbin uğursuzluq zolağından xilas olması üçün rəsmi Bakıdan növbəti şans qazanmasına hesablanmış ola bilər. İstənilən halda bütün bu cəhdlər Azərbaycanın üstünlüyünü, yaratdığı yeni geosiyasi reallığın nə qədər önəmli üstünlük yaratdığını nümayiş etdirir. Ermənistan üçün hazırki durumdan yeganə çıxış yolu məhz Azərbaycanla sülh sənədinə imza atıb, münasibətlərin normalaşşadırılması istiqamətində praktiki fəaliyyətlərini sürətləndirmək ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti