...

Rüşvətə qurşanan "demokratlar" - Öz gözündə tiri görməyən Avropa Parlamenti

Siyasət Materials 18 Oktyabr 2023 21:12 (UTC +04:00)
Rüşvətə qurşanan "demokratlar" - Öz gözündə tiri görməyən Avropa Parlamenti
Təhməz Əsədov
Təhməz Əsədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Parlamenti Avropa məkanında anti-Azərbaycan təbliğatı ilə məşğul olan təşkilata çevrilib. Maraqlısı burasındadır ki, AP dəfələrlə Azərbaycan əleyhinə heç bir fakta əsaslanmayan iftiralarla dolu qətnamələr qəbul edib. Doğrudur, indiyə kimi həmin sənədlərin Azərbaycana hər hansı bir zərəri olmayıb, lakin Fransanın başçılıq etdiyi bu beynəlxalq təsisatın rəsmi Bakıya qarşı gördüyü qara işlər artıq bütün norma və prinsipləri zərbə altına qoymaqla məşğuldur.

Ümumiyyətlə, Avropa Parlamentinin qətnamələrinin tövsiyə xarakteri daşıdığı hər kəsə məlumdur və heç bir çəkindirici qüvvəyə malik deyil. Lakin bu o demək deyil ki, təsiri ola bilməz. Rəsmi Bakı çox tutarlı faktlarla və qətiyyəti ilə özünə qarşı olan bu cür qarayaxma kampaniyalarını zərərsizləşdirməyin yolunu bilir. Bu gün Azərbaycanın şansı onun daha güclü olmasında gətirir. Çünkü hər kəsə bəllidir ki, Avropa Parlamentində Azərbaycana və azərbaycanlılara qarşı qərəz sistemli xarakter daşıyır və hətta nifrət elementlərini ehtiva edir.

Təsadüfi deyil ki, bu zamana kimi Avropa Parlamenti Azərbaycan və Ermənistan arasında fikir ayrılığı doğuran bütün məsələlərdə Ermənistanın mövqeyini müdafiə etmiş, bəzi hallarda ermənidən çox erməni olmaq istəyi açıq sezilib. Azərbaycan 30 il işğala məruz qalanda, bu işğal nəticəsində 1 milyondan çox qaçqını və məcburi köçkünü olanda, hələ ondan əvvəl Ermənistan ərazisində aparılmış etnik təmizləmə nəticəsində orada bir nəfər də olsun azərbaycanlının qalmaması, Azərbaycanın mədəni irsinin yer üzündən silinməsi, yer adlarının kütləvi şəkildə dəyişdirilməsi kimi insanlıq əleyhinə cinayətlərə susan AP bu gün Azərbaycandan hesab sormağa çalışır.

Bütün bu sadalanan məsələlər bir daha təsdiq edir ki, Avropa Parlamentini nə insan hüquqları, beynəlxalq hüquq, nə də Ermənistan ilə Azərbaycan arasında sülhü təşviq etmək maraqlandırır. Qərbin müəyyən dairələri üçün hazırda vacib olan əsas məsələ regionda gərginliyi körükləmək, yeni eskalasiyaya rəvac vermək, zəmin hazırlamaqdır.

Avropa Parlamentinin bu qərəzli yanaşmasından əl çəkməyinin hazırda yeganə yolu Ermənistanın açıq mövqe, müstəqil xarici siyasət yürütmək cəsarətinə bağlı məsələdir. Əgər İrəvan öz taleyini başqalarının ümidinə buraxıb, regionun da təhlükəsizlik məsələsini risk altına atmış olacaqsa, o zaman rəsmi Bakı təbii ki, məcbur qalıb adekvat cavablar verməli olacaq. Hər halda bu situasiyanı indi Ermənistan baş nazirindən daha yaxşı başa düşən ikinci erməninin olduğunu düşünmürəm. Çünki son 3 ildə Ermənistan məhz hamilərinə arxayın olaraq Azərbaycana badalaq vurmaq istədi, amma yenə yıxılan, məğlub olan tərəf özü oldu.

Azərbaycan Ordusunun lokal xarakterli antiterror tədbirləri zamanı yalnız legitim hərbi obyektləri məhv etdiyi ilə bağlı dəlil-sübutlar ortada olduğu halda Azərbaycanı etnik təmizləmədə ittiham edib, rəsmi Bakıya qarşı sanksiya tələbi ilə çıxış edən Qərbin sözügedən ermənipərəst dairələrinin bu niyyətinin bir adı var - həyasızlıq! Qarabağ iqtisadi regionunda yaşayan erməni sakinlərin guya zorla qovulması, yenidən "etnik təmizləmə" ifadəsinin işlədilməsi Avropa Parlamentinin erməni lobbisinin diqtəsi ilə hərəkət etdiyi açıq şəkildə nümayiş etdirir.

Bu faktın özü korrupsiya mövzusunun AP-ə nə qədər nüfuz etdiyini əyani göstərir. Təsadüfi deyil ki, Avropa Parlamentinin sədr müavini, yunan siyasətçi Eva Kayli ötən il Brüsseldə mümkün korrupsiya ilə bağlı araşdırma çərçivəsində saxlanılaraq istintaqa cəlb edilib. O, mümkün korrupsiya ilə bağlı araşdırma çərçivəsində saxlanılıb. Bundan əvvəl də Avropa Parlamentində korrupsiya iddialarının araşdırılması ilə əlaqədar Brüsseldə dörd həbs və 14 axtarış aparılıb.

Sadalanan bu korrupsiya faktları Avropa Parlamentində qəbul olunan qərarların demokratik iradəsinin ifadəsi olmadığını bir daha göstərir. Daxilindəki korrupsiya və rüşvət müqabilində müəyyən maraqlara xidmət edən hərəkətlərinin ifşa olunması Qərbin heç də göründüyü kimi olmadığını sübut edən faktlardır.

Zərrə qədər də istisna edilmir ki, indi də Fransadan və digər dövlətlərdən olan AP-dəki deputatlar da erməni lobbisindən aldığı rüşvətlərin hesabına Azərbaycana qarşı qətnamələrin qəbul edilməsində, sanksiya təkliflərində əsas fiqurlardır.

Avropa Parlamentində xüsusilə də son günlər səsləndirilən bəyanatların məğzinə nəzər saldıqda, qəbul edilən qətnamələrə göz gəzdirdikdə Azərbaycan və Türkiyəyə qarşı ifadələrin yer almasını görməmək mümkün deyil. Bu da bir daha AP-nin qatı türkofobiya, islamofobiya mövqeyini nümayiş etdirir.

Lakin Avropa Parlamentinin istənilən qərar və qətnamələrindən asılı olmayaraq, Azərbaycan öz ərazi bütövlüyünün, suverenliyinin təmin edilməsi istiqamətində beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq siyasətini həyata keçirməyə davam edəcək. Rəsmi Bakı bu zamana kimi üzərinə edilən "hücumlara" sinə gərdiyi kimi bundan sonra da yolunda qətiyyətli olaraq regionda heç bir kənar qurumların rəyindən asılı olmadan, sülh gündəliyinin təşviq edilməsinə, sülhün və sabitliyin bərqərar olunmasına çalışacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti