Bakı. Trend:
Azad olunmuş ərazilərimizdə yerləşən hidrometeoroloji müşahidə məntəqələrində işğal müddətində müşahidələr dayandırılıb və müşahidə cihazları da daxil olmaqla bütün infrastruktur sıradan çıxarılıb.
Trend xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Türk Dünyası II Meteorologiya Forumunda çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, hazırda həmin ərazilərdə ekoloji
qiymətləndirmə və bərpa işləri davam edir.
“Axan çaylar üzərində 11 avtomat hidroloji stansiya, 6 avtomat
meteoroloji stansiyası quraşdırılışdır. Azərbaycan Respublikası
Prezidentinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş
ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” ilə bağlı
müvafiq sərəncamına əsasən qarşıdakı illər ərzində bu müşahidə
şəbəkəsi daha da genişlənəcəkdir.
Yenidənqurma işlərində “yaşıl” texnologiyaların tətbiqi həmin
əraziləri yüksək keyfiyyətli ekoloji mühit və “yaşıl enerji”
məkanına çevirəcək. Bu tədbirlər həm iqlim dəyişmələrinə təsirlərin
azaldılması, həm də bu təsirlərə daha dayanıqlı olmağa imkan
verəcək”,- deyə M.Babayev əlavə edib.
Xatırladaq ki, 19 fevral 2021-ci il tarixində Türkiyənin Ankara şəhərində Türk Dünyası I Meteorologiya Forumu keçirilib.