Bakı. Trend:
Panamada qadın hüquqları ilə bağlı qanunvericiliyə böyük dəyişikliklər edilib.
Trend xəbər verir ki, bunu Panamanın Türkiyə və Azərbaycandakı səfiri Mariela Del Carmen Sagel Rosas Bakıda “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
"Panamada qadınlara qarşı zorakalığı aradan qaldırmağa çalışırdıq və bu səbəbdən sanksiyalar, qanunlar qəbul etdik. Panama göstərdi ki, qadınların iqtisadi və rəqəmsal gücünü üzə çıxarmaq üçün təsirli vasitələr var. Azərbaycana da bu tədbir və dəvət üçün təşəkkür edirik”,- deyə o əlavə edib.
Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatının konfransı keçirilir. Konfrans Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikası ilə yanaşı, təsisatın növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə baş tutur.
Tədbirdə Qoşulmama Hərəkatına üzv ölkələrin, həmçinin təsisat yanında müşahidəçi statusuna malik dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin xüsusi qonaq qismində dəvət olunan yüksək vəzifəli rəsmi şəxslər də daxil olmaqla, ümumilikdə 60-a yaxın nümayəndə heyəti iştirak edir.