Bakı. Trend:
Bütün ölkələr üçün olduğu kimi, Azərbaycan üçün də su ehtiyatlarının qorunması strateji əhəmiyyət kəsb edir.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 20-də ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazla görüşü zamanı qeyd edib.
Bu baxımdan, iki ölkə arasında Araz və Kür çayları hövzəsinin su ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi ilə bağlı əməkdaşlığın zərurəti xüsusi vurğulanıb.
Görüşdə Türkiyə şirkətlərinin hazırda Qarabağda və Şərqi Zəngəzurda davam edən bərpa-quruculuq işlərində fəal iştirakı məmnunluqla qeyd olunub.
Tərəflər, həmçinin, Azərbaycan-Türkiyə münasibətlərinin kənd təsərrüfatı, humanitar, təhsil, turizm və maraq doğuran digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.