Bakı. Trend:
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib.
Trend xəbər verir ki, Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin birgə təşkilatçılığı Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbirdə Türkiyə, Pakistan və Özbəkistanın Rusiya Federasiyasındakı səfirləri, diplomatik korpusun, Rusiya ictimaiyyətinin, Azərbaycan diasporunun nümayəndələri, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) fəalları iştirak ediblər.
Tədbir iştirakçıları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkəmizin səfirliyində ucaldılmış büstü və Xocalı soyqırımı qurbanlarına həsr olunmuş xatirə stendi önünə gül dəstələri düzüblər.
Tədbiri giriş sözü ilə açan səfir Polad Bülbüloğlu qeyd edib ki, bugünki tədbir əvvəlkilərdən onunla fərqlənir ki, bu gün Xocalı və Azərbaycanın bütün ərazisi öz cəzasızlığına inanmış işğalçılardan tamamilə azad edilib. "Bu gün möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev Xocalıda olub, soyqırımı qurbanlarının yaxınları və bu dəhşətli faciədən sağ çıxanlarla görüşüb. Xocalı Azərbaycan xalqının sağalmayan yarasıdır. Xocalı soyqırımı Ermənistanın uzunmüddətli təcavüzü zamanı Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş ən ağır cinayətlərdən və ölkəmizin tarixinin ən faciəli səhifələrindən biridir".
Səfir bildirib ki, Xocalıda dinc əhalinin qətlə yetirilməsi
Ermənistanda dövlət səviyyəsində azərbaycanlılara qarşı aparılan
etnik nifrət və irqi ayrı-seçkilik siyasətinin nəticəsidir: "Bütün
bunlar monoetnik məkanın yaradılmasına və Ermənistanın o vaxtkı
siyasi rəhbərliyi tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən
ərazi ekspansiyasına xidmət edirdi. Xocalıda törədilmiş vəhşiliklər
çoxsaylı mənbələr, o cümlədən beynəlxalq təşkilatların sənədləri,
müstəqil araşdırmaların nəticələri ilə təsdiqlənib. Rəsmi araşdırma
zamanı müəyyən edilib ki, Ermənistanın qanunsuz əməllərində
beynəlxalq hüquq baxımından konkret soyqırım elementləri var. İndi,
Azərbaycan əraziləri işğaldan azad edildikdən sonra, bu qanlı
terrorun sübutları üzə çıxır. Elə bu yaxınlarda, fevralın 9-da
Əsgəranda aparılan qazıntılar nəticəsində Xocalı soyqırımı
qurbanlarının qalıqlarının olduğu kütləvi məzarlıq tapılıb. Burada
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzun illər
öncə dediyi sözləri xatırlatmaq yerinə düşər: “...Xocalı
soyqırımını törədənlər gec-tez ədalət qarşısında cavab verəcək və
layiqli cəzalarını alacaqlar. Şəhidlərimizin qanı yerdə
qalmayacaq”. Bu il ilk dəfə olaraq bütün ölkəmiz, xüsusən də
işğaldan azad edilmiş Xocalı 26 fevral hadisələrini tamam başqa,
xüsusi bir duyğu ilə, başını dik tutub anır. 2023-cü ilin
sentyabrında Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə rəşadətli
ordumuz məharətlə həyata keçirilmiş lokal xarakterli antiterror
əməliyyatı nəticəsində Xocalı şəhərini düşmən qoşunlarından
təmizlədi və oktyabrın 15-də burada ölkəmizin Dövlət bayrağı
qaldırıldı. Çox yaxın vaxtlarda Xocalı sakinləri avtomat və
pulemyotlarla vəhşicəsinə zorla qovulduqları evlərinə
qaytarılacaqlar.
Cinayətkarların əksəriyyəti Azərbaycanın hüquq-mühafizə orqanları
tərəfindən həbs edilmiş təkcə Xocalı soyqırımında deyil, həm də
Azərbaycan xalqına qarşı törədilən digər ağır cinayətlərdə
bilavasitə əli olan separatçı rejimin keçmiş rəhbərləridir. Hazırda
əlləri günahsız azərbaycanlıların qanına bulaşmış həmin şəxslər
barəsində istintaq-əməliyyat tədbirləri davam etdirilir".
Diplomat xüsusilə qeyd edib ki, vaxtilə bu qanlı cinayətə
siyasi-hüquqi qiymət yalnız Ulu Öndər Heydər Əliyevin ölkə
rəhbərliyinə qayıdışından sonra verilib:"Bu gün Xocalı faciəsi ilə
bağlı həqiqətlərin dünyaya çatdırılması və onun soyqırımı kimi
dünya miqyasında tanınması davam edir. Hazırda bir sıra ölkələrin
qanunvericilik orqanları Xocalı soyqırımını tanıyan aktlar qəbul
ediblər. Bu işdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət”
beynəlxalq məlumat kampaniyasının böyük rolu olub. Bu kampaniya
çərçivəsində həm Azərbaycanda, həm də xaricdə gənclər faciə
qurbanlarının xatirəsinin yaşadılmasında fəal iştirak edirlər.
Mən bu gün fürsətdən istifadə edərək burada iştirak edən gənc
nəslin nümayəndələrinə demək istəyirəm ki, onlar öz ölkələrinin
tarixinin mürəkkəb səhifələrini heç vaxt unutmasınlar və Xocalı
soyqırımı haqqında öz yaşıdları və beynəlxalq ictimaiyyət arasında
həqiqəti əks etdirən məlumatları yaysınlar".
Polad Bülbüloğlu ölkəmiz üçün heç də az əhəmiyyət kəsb etməyən
bir mövzuya - Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi və
Azərbaycanın dinc mülki əhalisinə qarşı, eləcə də regionda görülən
bərpa işlərinə təhlükə yaratmaqda davam edən mina terroru
probleminə toxunub. Vurğulayıb ki, bu problem məcburi köçkünlərin
daimi yaşayış yerlərinə qayıtmasının qarşısını alır: "Vətən
Müharibəsi başa çatan 2020-ci ildən bu günə qədər mina terrorunun
qurbanlarının sayı 344 nəfərə çatıb, onlardan 65-i dünyasını
dəyişib. Bu, taleyi alt-üst olmuş, xəyalları qırılmış, psixikası
zədələnmiş 344 ailə deməkdir.
Azərbaycan tərəfi dəfələrlə Ermənistandan mina xəritələrini tələb
edib. Onlar əvvəlcə bu xəritələrin mövcudluğunu tamamilə inkar
edirdilər, sonra isə minaların yeri barədə ya yalan, ya da tam
olmayan məlumatlar verirdilər. Erməni tərəfinin bu yaxınlarda
təqdim etdiyi real koordinatları olmayan mina formulyarlarının da
faydası olmadı. Bu, bir daha Ermənistanın regionda sülhün,
təhlükəsizliyin və sabitliyin bərqərar olmasına töhfə vermək
əzmində olmamasından xəbər verir".
Səfir əlavə edib ki, Birinci Qarabağ müharibəsi zamanı itkin
düşmüş 3865 azərbaycanlının taleyi hələ də naməlum olaraq qalır.
"Ermənistan hələ də onlar haqqında müvafiq məlumat verməkdən imtina
edir. Xüsusi vurğulamaq istərdim ki, ölkəmiz Azərbaycan-Ermənistan
dövlətlərarası münasibətlərinin normallaşmasına sadiq qalaraq
beynəlxalq öhdəliklərə əməl edilməsində, Ermənistanın ərazi
iddialarından imtina etməsində israrlıdır. Hesab edirik ki, bu gün
regionun dinc inkişafından başqa alternativ yoxdur.
Sonda xüsusilə qeyd etmək istərdim ki, 30 il keçməsinə baxmayaraq,
dinc əhaliyə qarşı törədilən qəddar cinayətləri unutmaq çox
çətindir. Biz bu cür faciələrin unudulmasına və bir daha
təkrarlanmasına imkan verə bilmərik. Allah bütün şəhidlərimizə
rəhmət eləsin, qazilərimizə şəfa, möhkəm cansağlığı versin!", deyə
P. Bülbüloğlu yekunlaşdırıb.
Anım gecəsi klassik musiqi konserti ilə davam edib. AMOR fəalı Günel Vəliyeva Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş şeirlər oxuyub.