...

Delimitasiya və demarkasiya prosesi sülh prosesinin ən önəmli hissəsini təşkil edir - ŞƏRH

Siyasət Materials 19 Mart 2024 15:00 (UTC +04:00)
Delimitasiya və demarkasiya prosesi sülh prosesinin ən önəmli hissəsini təşkil edir - ŞƏRH
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Delimitasiya və demarkasiya prosesi Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin normallaşması kontekstində dəyərləndirilməlidir. Bu, sülh prosesinin ən önəmli hissəsini təşkil edir.

Bunu Trend-in suallarını cavablandırarkən politoloq İlyas Hüseynov deyib.

O qeyd edib ki, Vətən Müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında yeni geosiyasi reallıqlar formalaşdı.

"Bu reallıqlar şəraitində Azərbaycan öz beynəlxalq səviyyədə tanınan sərhədlərinə çıxdı. Sərhədlərin müəyyənləşdirilməsi istiqamətində anklavlar və eksklavlar Azərbaycana qaytarılmalıdır. Ermənistan baş naziri Nikol Paşinyan bir müddət öncə Azərbaycanla sərhəddə bilavasitə yerləşən eksklavlara gedib, Əskipara, Bağanis sakinləri ilə görüşlər keçirdi.

Elə düşünürəm ki, bu, kəndlərin Azərbaycana qaytarılması üçün ictimai rəyin öyrənilməsi və ona hazırlıq görülməsi mahiyyəti daşıyır. Sərhədlərin müəyyənləşdirilməsi şimal bölgəsindən başlayacaq. Bu, çətin və taleyüklü məsələdir",- deyə o bildirib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş sakinləri ilə görüşdə deyib ki, İrəvan Bakı ilə delimitasiya və demarkasiya məsələlərini müzakirə etməkdən imtina edərsə, həftənin sonunadək müharibə başlaya bilər.

"Hazırda bu zaldan çıxıb getmək və heç bir delimitasiya və demarkasiyanın olmayacağını demək olar, lakin bu, o deməkdir ki, həftənin sonunda müharibə olacaq. Mən bu müharibənin sonunda nələrin olacağını da bilirəm. Sonra biz Respublika meydanında görüşəndə siz deyəcəksiniz: "Yaxşı, biz sadə kəndlilər idik, bizim məlumatımız yox idi, axı siz hər şeyi bilirdiniz", - Paşinyan deyib.

Bundan başqa, Paşinyan Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya prosesinin praktik mərhələyə daxil olduğunu bildirib.

"Bu proses o deməkdir ki, Ermənistan sərhədinin haradan keçdiyini yerində dəqiqləşdirmək lazımdır. Biz, bizim komissiyalarımız Ermənistanın haradan başladığını yerində müəyyən etməliyik və bu, sərhəd olmalıdır", - deyə baş nazir əlavə edib.

Xatırladaq ki, 7 mart tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın yeddinci görüşü keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti