...

Qazaxıstan da Zəngəzur Dəhlizinin açılmasında maraqlıdır - Azər Qarayev

Siyasət Materials 17 Aprel 2024 11:09 (UTC +04:00)
Qazaxıstan da Zəngəzur Dəhlizinin açılmasında maraqlıdır - Azər Qarayev
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Ermənistana səfəri bir sıra cəhətləri ilə yadda qaldı. İlk növbədə vurğulamaq lazımdır ki, Azərbaycan-Qazaxıstan münasibətləri öz dövrü üçün ən yüksək inkişaf mərhələsindədir.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

A.Qarayev bildirib ki, Qazaxıstan Türkdilli Dövlətlər Təşkilatının üzvü kimi aktiv siyasət aparan dövlətlərdən biridir.

"Azərbaycan, Türkiyə və digər türkdilli ölkələr arasında münasibətlər son dövrlər üçün ən yüksək inkişaf mərhələsindədir. Qazaxıstanla Azərbaycan arasındakı münasibətlər, iqtisadi, siyasi, sosial əlaqələr də yüksələn xətlə inkişaf edir.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Ermənistana səfəri də heç də təsadüfi xarakter daşımır. Qazaxıstan prezidenti Paşinyanla görüşü zamanı bir sıra önəmli məqamlara toxundu".

Politoloq qeyd edib ki, Tokayev və Paşinyan arasında müzakirə olunan məsələlərdən biri də Zəngəzur dəhlizi oldu.

"Bildiyiniz kimi, İkinci Qarabağ müharibəsindən sonra Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmək üçün maksimum çalışır. Zəngəzur dəhlizinin hələ də açılmaması məhz Ermənistanın öhdəliklərindən yayınmasına görədir.

Qazaxıstan da Zəngəzur Dəhlizinin açılmasında maraqlıdır. Belə ki, Qazaxıstanın xüsusilə neft məhsullarının Avropaya ixracı üçün Zəngəzur dəhlizi ən ideal vasitədir. Zəngəzur dəhlizi ilə həm daşıma xərcləri bir xeyli miqdarda aşağı düşəcək, eyni zamanda, vaxt qısalacaq.

Tokayev Paşinyanla görüşü zamanı məhz bunları müzakirə edib. Eyni zamanda, Qazaxıstanın Ermənistanla ticarət dövriyyəsinin bu yolla arta biləcəyi məsələləri də gündəlikdə olub".

A.Qarayev vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması tək Qazaxıstana deyil, bütün region ölkələrinə, eyni zamanda, digər TDT dövlətlərinə faydalı olacaq:

"Bu dəhliz vasitəsilə ciddi gəlir əldə edə biləcək ölkələrdən biri də məhz Ermənistan özü olacaq. Ermənistan bu yolla öz iqtisadiyyatını inkişaf etdirə, gəlirlərini artıra bilər. Kimlərinsə yardımlarına bel bağlamaqdansa, onlardan asılı olmaqdansa, Ermənistan müstəqil siyasət qura bilər. Əlbəttə, bu Ermənistan siyasi hakimiyyətinin verəcəyi qərarlara görə dəyişəcək.

Ötən dövr ərzində biz Ermənistan hakimiyyətindən müsbət siqnallar görsək də, əməli addımlarda bunun şahidi olmuruq. Təbii ki, bu, Ermənistanın tək özündən asılı məsələ deyil. Bildiyimiz kimi, Ermənistan alət kimi istifadə olunan dövlətdir və bir çox hallarda öz maraqlarına yox, havadarlarının maraqlarına xidmət edir".

Politoloq onu da əlavə edib ki, səfər zamanı müzakirə olunan məsələlərdən biri də Fransanın uran ehtiyacı ilə bağlı olub.

"Fransa Mərkəzi Asiyadan, xüsusilə Qazaxıstandan uran ixrac etmək istəyir, çünki digər ölkələrdən uran ixracında problemlər yaşayır. Bunun üçün də məhz Zəngəzur dəhlizi önəmli rol oynaya bilər. Fransanın Azərbacyanla münasibətləri normallaşmasa, bu baş verməyəcək".

A.Qarayev qeyd edib ki, hadisələrin növbəti gedişatını indidən proqnozlaşdırmaq çətindir.

"Qeyri-stabil siyasət sərgiləmək Ermənistana xarakterikdir. Tokayevin Ermənistan səfərinin hansı nəticələr verəcəyini yaxın gələcəkdə görmək mümkün olacaq".

Xəbər lenti

Xəbər lenti