Xocalı.Trend:
Sülhün bərqərar olunması prosesində istehkamçılar tərəfindən
hektarlarla ərazi minalardan təmizlənib. 30 min ədəd partlayıcı
zərərsizləşdirilib.
Trend xəbər verir ki, bunu bu gün Rusiya Quru Qoşunlarının baş
komandanının birinci müavini, Quru Qoşunlarının Baş Qərargah rəisi
general-polkovnik Yevgeni Nikiforov Qarabağ iqtisadi rayonunda
Rusiya sülhməramlı kontingentinin missiyasının başa çatmasına həsr
olunmuş mərasimdə deyib.
O bildirib ki, 30 min ədəd partlayıcı zərərsizləşdirilib.
“Üç il yarım bundan əvvəl birgə səylər nəticəsində Qarabağda gedən
qanlı müharibəni dayandırmaq mümkün oldu. Azərbaycan, Ermənistan və
Rusiya liderləri müharibənin dayandırılması barədə üçtərəfli birgə
bəyanat imzaladılar. Demək olar ki, növbəti gün Rusiya
sülhməramlılarının bölgəyə yerləşdirilməsi başlanıldı, Qarabağ
ərazisində postlar quruldu və regionda dayanıqlı sülhün
formalaşmasına zəmin yaradıldı. Sülhün bərqərar olunması prosesində
istehkamçılar tərəfindən minlərlə hektar ərazi minalardan
təmizlənib, 30 min ədəd partlayıcı zərərsizləşdirilib. Bu çərçivədə
90 mindən çox insan humanitar, 1000 nəfərdən çox dinc sakinə
ixtisaslı tibbi yardım göstərilib. Bundan əlavə, sülhməramlı
kontingent inanclı insanların dini əhəmiyyətli obyektlərə çıxışını
bərpa edib. Eyni zamanda, münaqişə tərəfləri ilə əməkdaşlıq
nəticəsində 100-dən çox insanı əsirlikdən geri qaytarmaq mümkün
olub. Rusiya sülhməramlı kontingentinin axtarış qrupları tərəfindən
1900 nəfərdən artıq meyit aidiyyəti üzrə təhvil verilib. Ermənistan
Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdıqdan sonra Azərbaycan
və Rusiya rəhbərliyi sülhməramlı kontingentin ölkə ərazisindən
çıxarılmasına dair qərar qəbul etdilər. Rusiya hərbi qulluqçuları
dövlətimizin hərbi-siyasi rəhbərliyi tərəfindən qarşıya qoyulmuş
vəzifələri yüksək səviyyədə yerinə yetiriblər. Rusiya
Federasiyasının müdafiə naziri, Baş Qərargah rəisi və öz adımdan
Rusiya sülhməramlılarına vəzifələrini layiqincə yerinə yetirdiyinə,
Azərbaycan hərbçilərinə isə səmərəli əməkdaşlığa görə
minnətdarlığımı bildirirəm", - deyə o qeyd edib.