Bakı. Trend:
Abşeron rayonunda Milli Məclisə yeddinci çağırış növbədənkənar seçkilər üzrə səsvermə prosesi davam edir. Rayon üzrə seçici siyahısında 167 min 856 səsvermə hüququ olan vətəndaş qeydiyyata alınıb. Seçicilər lazımi şəraitlə təmin olunan 129 seçki məntəqəsində səs verirlər.
Trend xəbər verir ki, rayonda fəaliyyət göstərən 48 saylı Abşeron birinci, 49 saylı Abşeron ikinci, 50 saylı Abşeron üçüncü və 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairələrində səsvermənin gedişini çoxsaylı müşahidəçilər də izləyir.
49 saylı Abşeron ikinci seçki dairəsinin 9 saylı seçki məntəqəsində seçici Gülşən Xudatova bildirib ki, parlament seçkiləri ilk dəfədir Azərbaycanın bütün ərazisində keçirilir və bundan qürur duyur. O, istədiyi namizədə səs verib. “İnanıram ki, parlamentə seçdiyimiz deputatlar seciçilərin etimadını doğruldacaqlar. Öz iradəmi sərbəst ifadə etmək üçün məntəqədə bütün şərait var”, - deyə əlavə edib.
Xatırladaq ki, Abşeron rayonunda Milli Məclisə seçkilərdə 4 mandat uğrunda 13 namizəd mübarizə aparır.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Azərbaycanda 6 421 960 nəfər seçici var. Seçki günü 18 yaşı tamam olan seçicilərin sayı 374 nəfərdir. 6478 seçki məntəqəsi var. Onlardan 6343-ü daimi, 135-i isə müvəqqəti seçki məntəqələridir.
İşğaldan azad edilmiş ərazilərdə 54 daimi məntəqəmiz fəaliyyət göstərəcək. 10 məcburi köçkün dairəsi var. Onlardan 7-si daimi, 3-ü isə qismən məcburi köçkünləri əhatə edir. Məcburi köçkün məntəqələrinin sayı 574, məcburi köçkün seçicilərin sayı isə 397862 nəfərdir. Azad edilmiş ərazilərdə 42 mindən artıq seçici səs verəcək.
Növbədənkənar parlament seçkilərində ilk dəfə səs verəcək seçicilərin sayı 51 141 nəfərdir. Ən yaşlı seçici 134 yaşlı qadındır. Ən yaşlı kişi seçicinin 109 yaşı var.
Parlament seçkilərində 2500-ə yaxın məntəqədə "exit-poll" keçiriləcək. Üç beynəlxalq təşkilat exit-poll üçün qeydiyyatdan keçib. Exit-polları Sosioloji Tədqiqatlar Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "ORACLE ADVISORY GROUP" (Amerika Birləşmiş Ştatları) ilə birgə və "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi isə SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) ilə birgə keçirəcək.
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərini izləmək üçün 112 min 749 yerli müşahidəçi qeydiyyatdan keçib. Onların 65 mindən çoxu siyasi partiyaların təmsilçiləridir.
598 nəfər beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Həmin müşahidəcilər 51 qurum, 69 ölkəni təmsil edirlər.
Növbədənkənar parlament seçkiləri il əlaqədar ATƏT/DTİHB-dən 227 nəfər, ATƏT PA-dan 61 müşahidəçi qeydiyyatdan keçib.
Parlament seçkilərində namizədliyi qeydə alınan 990 nəfərdən 305 nəfər 25 siyasi partiyanın nümayəndələridir. Namizədlərdən 371 nəfərin siyasi partiya mənsubiyyəti olsa da, partiya tərəfindən irəli sürülməyib. Ümumilikdə namizədlərdən 676 nəfərin siyasi partiya mənsubiyyəti var.
Bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində səsvermə günü proseslərini heç bir qeydiyyat tələb olunmadan, birbaşa və fasiləsiz müşahidə etmək üçün veb-kamera quraşdırılıb.
Sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə də daşınan seçki qutularından istifadə ediləcək. Bütün seçki məntəqələri daşınan seçki qutusu ilə təmin olunub.