Bakı. Trend:
Oktyabrın 15-də Belqrad şəhərində Azərbaycan Respublikası və
Serbiya Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi
məsləhətləşmələrin növbəti raundu keçirilib.
XİN-dən Trend-ə verilən xəbərə
görə, Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər
nazirinin müavini Fariz Rzayev, Serbiya Respublikasının nümayəndə
heyətinə Xarici İşlər Nazirliyinin dövlət katibi Damyan Yoviç
rəhbərlik edib.
Görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlığın
gücləndirilməsi, siyasi, iqtisadi, energetika və humanitar
sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində
əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də
ölkəmiz tərəfindən həyata keçirilən strateji enerji və nəqliyyat
layihələri ilə bağlı müzakirələr aparılıb.
Cari ilin noyabr ayında Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin
İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının (COP29) iki ölkə arasında mövcud
strateji əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradacağı
bildirilib.
Azərbaycan-Serbiya parlamentlərarası əməkdaşlığın əhəmiyyəti
vurğulanıb və bu xüsusda qarşılıqlı səfərlərin, ikitərəfli və
çoxtərəfli müstəvidə təmasların daha da intensivləşdirilməsinin
faydalı olacağı qeyd edilib.
Görüşdə postmünaqişə dövründə bölgədəki vəziyyət, Azərbaycan
tərəfindən davamlı sülhün bərqərar olunması istiqamətində atılan
addımlar, işğaldan azad edilmiş ərazilərimizdə mina problemi və
orada həyata keçirilən bərpa-quruculuq işləri barədə qarşı tərəfə
ətraflı məlumat verilib.
Siyasi məsləhətləşmələr zamanı, həmçinin regional, beynəlxalq
məsələlər və birgə maraq kəsb edən digər mövzular da müzakirə
olunub.
Səfər zamanı F.Rzayev, həmçinin Serbiyanın digər rəsmi şəxsləri ilə
görüşüb, eləcə də tədqiqatçılar və ekspertlərlə dəyirmi masa
formatında keçirilən müzakirələrdə iştirak edib.