Bakı. Trend:
Respublikaçılar Partiyasından prezidentliyə namizəd və ABŞ-ın keçmiş prezidenti Donald Tramp, noyabr ayında keçiriləcək seçkilərdə qalib gəldiyi təqdirdə idxal rüsumlarını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır.
Trend xəbər verir ki, bu barədə o, Bloomberg-ə müsahibəsində danışıb.
Trampın sözlərinə görə, onun məqsədi "Amerika şirkətlərinin istehsalını ABŞ-a qaytarmaq"dır.
“Biz ABŞ-da istehsal edən şirkətlər üçün vergiləri azaldacağıq və onları ciddi tariflərlə qoruyacağıq. Tariflərə inanıram,” - deyə respublikaçı vurğulayıb. Onun fikrincə, idxal rüsumlarının artırılması "minlərlə şirkətin" istehsalını ABŞ-a qaytarmasına səbəb olacaq.
Tramp seçki proqramında artıq hər hansı malın idxalına 10 faiz, Çindən gələn məhsullara 60 faiz, ABŞ-dan kənarda istehsal olunan avtomobillərə isə 100 faiz rüsum tətbiq etməyi təklif edir.
Tramp administrasiyası daha əvvəl 370 milyard dollar dəyərində Çin mallarına rüsum tətbiq edərək ticarət müharibəsinə başlamışdı. Bu tədbirlər nəticəsində amerikalı idxalçılar böyük maliyyə itkiləri ilə üzləşmişdilər.