...

Azərbaycan Qlobal Şimalla Cənub arasında körpülər quraraq, COP29-un ev sahibi kimi yüksək təcrübə qazandı – ŞƏRH

Siyasət Materials 15 Fevral 2025 02:00 (UTC +04:00)
Azərbaycan Qlobal Şimalla Cənub arasında körpülər quraraq, COP29-un ev sahibi kimi yüksək təcrübə qazandı – ŞƏRH
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan bir-birinə etibar etməyən Qlobal Şimal və Qlobal Cənub arasında körpülər quraraq, COP29-un ev sahibi kimi yüksək səviyyəli təcrübə əldə etdi. COP29-da ən fəal iştirakçılardan biri də Çin oldu. Çünki Azərbaycanın zəngin yaşıl gündəliyi Çin üçün də cəlbedicidir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Nigar Məmmədova deyib.

Millət vəkili vurğulayıb ki, bu sahədə iki ölkə arasında çox səmərəli əməkdaşlıq qurulub:

“İqlim konfransı çərçivəsində Azərbaycanla Çin şirkətləri arasında “yaşıl enerji” sahəsində bir neçə sənəd də imzalandı. Bu razılaşmalar bərpa olunan enerji layihələrinə investisiya qoyuluşu, texniki-iqtisadi əsaslandırmanın, müvafiq tədqiqatların aparılması, Azərbaycanda bərpa olunan enerji üzrə Tədqiqat və İnkişaf Mərkəzinin yaradılması imkanlarının araşdırılması istiqamətlərində əməkdaşlığı nəzərdə tutur”.

Nigar Məmmədova xatırladıb ki, Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində Çin şirkətlərinin təkcə xidmət və texnologiyaların təmin edilməsində yox, həmçinin, Azərbaycana investisiya yatırmaqda maraqlı olduqlarını qeyd edib.

“Ölkəmizin artmaqda olan külək və günəş enerjisi potensialı yeni texnologiya tələbatını və əməkdaşlıq imkanlarını da genişləndirir. Məlumdur ki, ölkəmizin 2027-ci ilədək olan hədəfi 2 giqavatt həcmində günəş və külək elektrik enerjisini hasil etməkdir. 2030-cu ilədək isə bu hədəf 6 giqavatdır. Bu layihələrə sərmayə yatıran investorlar isə Çin texnologiyasından istifadə edirlər. Bu mənada, yaşıl texnologiya sahəsində uğurlu təcrübəsi olan Çin ən uğurlu tərəfdaşlardan biridir.

COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsi barədə imzalanan müqavilə isə yaşıl enerji dəhlizinin möhkəmlənməsinə xidmət edir. Bu layihə Mərkəzi Asiya ilə Azərbaycanı və potensial olaraq Çini enerji kabeli ilə bir-biri ilə bağlayacaq. Digər bir layihədə isə belə bir kabel xətti Qara dənizin dibi ilə Azərbaycandan Avropaya uzanacaq”, - deyə deputat fikrini tamamlayıb.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov isə Trend-ə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Çinin CGTN telekanalına müsahibəsində COP29 və Azərbaycanın yaşıl gündəliyindən bəhs etməsi məsələnin vacibliyindən xəbər verir.

“Azərbaycan COP29 tədbirini keçirməklə qlobal miqyasda iqlim dəyişikliyi, ətraf mühitin qorunmasında özünün liderlik rolunu nümayiş etdirdi. Bu tədbir Azərbaycanın ekoloji dayanıqlılıq, bərpaolunan enerji mənbələri, yaşıl iqtisadiyyat istiqamətində səylərini dünyaya çatdıra bildi. Karbon emissiyalarının azaldılması, ekeloji inkişafın sürətləndirilməsi yolları Azərbaycanda müzakirə edildi. Azərbaycan öz liderliyi ilə böyük dövlətləri toplayaq iqlim maliyyəsinin razılaşdırılmasına nail oldu.

Sammitdə həmçinin kiçik ada dövlətlərinin Zirvə Toplantısı keçirildi. Azərbaycan kiçik ada dövlətlərinin mövcudluğuna olan təhlükəni dünyanın diqqətinə çatdırmağı bacardı. Bu məsələ heç vaxt gündəliyə daxil olmurdu, böyük dövlətlər bu problemi görməzdən gəlirdi. Azərbaycan bu məsələdə də xüsusi həssasiyyət göstərdi.

Qlobal Şimalla Cənub arasında körpülər möhkəmləndirildi. Tərəflərin bir-birinə etibar etməməsi müəyyən problemlər yaradırdı. Azərbaycan bu məsələdə etibarı möhkəmləndirməyə çalışdı. Azərbaycanın iqtisadi imkanları, dünya miqyasında rolu, nəqliyyat xablarının ölkəmizdən keçməsininin əhəmiyyətini nümayiş etdirdik”, - deyə deputat vurğulayıb.

Millət vəkili qeyd edib ki, dünya ekologiyasında, ekoloji tarazlığın formalaşdırılmasında Azərbaycanın mühüm strateji yeri var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti