Bakı. Trend:
Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfəri mühüm əhəmiyyət kəsb edir.
Bunu Trend-ə açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov deyib.
O bildirib ki, bir tərəfdən ikitərəfli münasibətlərin gücləndirilməsi, digər tərəfdən çoxtərəfli əməkdaşlığın inkişafı baxımından bu səfəri dəyərləndirmək olar.
"Eyni zamanda dövlətlər arasında imzalanan sənədlərin çeşidlərinə, müxtəlifliyinə, əhəmiyyətinə nəzər salanda görərik ki, bunlar çox mühüm sənədlərdir. Bu bir tərəfdən normativ hüquqi bazanı möhkəmləndirir, digər tərəfdən yeni perespektivlər formalaşdırır. Çünki Çin dünya siyasətində və iqtisadiyyatında mühüm aktordur. Azərbaycanın da mühüm geosiyasi mövqedə yerləşməsi də Çin üçün əhəmiyyət kəsb edir. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Şimal-Cənub, Zəngəzur dəhlizləri kimi mühüm layihələrdə Çin fəal yer almağa çalışır. Çinin qlobal əhəmiyyətli “Bir kəmər, bir yol" layihəsi, qarşılıqlı investisiya, maraqlar və digər iqtisadi artıma hesablanmışdır. Bu dövlət səfərinin ölkəmiz üçün böyük iqtisadi faydaları olacaq".
Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, siyasi təhlilçi Aqşin Kərimov Trend-ə açıqlamasında bildirib ki, Pekin son onilliklərdə coğrafi baxımdan Çindən uzaq olan, lakin Çinin xarici siyasətində artan əhəmiyyətə malik Cənubi Qafqaz regionunda fəaliyyətini gücləndirir.
"Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri, onun çinli həmkarı Si Cinpin tərəfindən yüksək hörmətlə qarşılanması Bakı-Pekin əlaqələrində dərinləşən əlaqələrin regional dinamikasını göstərir. Çinin Azərbaycanla münasibətləri Bakı üçün qlobal güc mərkəzlərinin ambisiyalarına qarşı alternativ tarazlıq verir. Azərbaycan bu tarazlığı praqmatik şəkildə idarə edir. Prezident İlham Əliyevin Çinə səfəri Azərbaycanla Çinin qarşılıqlı olaraq yenilənmiş çoxtərəfli strategiyasına, o cümlədən təhükəsizlik əlaqələrinə vurğu edir."
A.Kərimov vurğulayıb ki, Prezident İlham Əliyevlə Si Cinpin arasında imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” çoxşaxəli əlaqələrin qurulmasını şərtləndirir.
"Çinin mühüm təşəbbüslərindən olan "Bir kəmər, bir yol" da Azərbaycan tərəfindən fəal dəstəklənir. Orta Dəhliz mövzusunda bu məsələ Azərbaycana önəmli rıçaqlar təqdim edir. Bu, Çinin Zəngəzur dəhlizi layihəsindəki strateji hərəkətliliyini artıran tendensiyaları da inkişaf etdirir.
Beləliklə, Prezident İlham Əliyevin Çinə səfəri iki ölkə arasındakı əlaqələrdəki müştərək qarşılıqlı fəaliyyətin əsas hərəkətverici qüvvəsinə çevrilir. Azərbaycanla Çinin iqtisadi, geosiyasi və strateji mülahizələrini əhatə edən münasibətlər sisteminin dərinləşməsi böyük dividendlər deməkdir", - deyə o əlavə edib.