...

Bakı və Pekin: postqlobal dünyada gələcəyin alyansı

Siyasət Analytics 23 Aprel 2025 12:12 (UTC +04:00)
Bakı və Pekin: postqlobal dünyada gələcəyin alyansı
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Prezidenti İlham Əliyevin 2025-ci ilin aprelində Çinə etdiyi səfər, zahirən xarici siyasət aktivliyinin nümunəsi kimi görünsə də, əslində beynəlxalq münasibətlər sistemində baş verən tektonik dəyişikliklərə ayna tutan ciddi və fundamental olaydır.

Qərb universalizminin şərti hegemonluğunun sürətlə dağıldığı bir dövrdə Bakı və Pekin yeni, bərabərlik üzərində qurulmuş, çoxşaxəli və strateji davamlılığa hesablanmış tərəfdaşlıq formulu yaratmaqdadır.

Səfər həm də tarixi dönüş nöqtəsidir.

Dövlət başçımızın Çinə səfəri çərçivədə Azərbaycan ilə Çin arasında münasibətləri yeni mərhələyə qaldıran Birgə Bəyanat qəbul olunub. Sənəddə iki ölkənin hərtərəfli strateji tərəfdaşlıq münasibətləri qurması rəsmi şəkildə elan edilib.

Prezident İlham Əliyev və Çin Sədri Si Cinpin arasında keçirilən danışıqlar səmimi və dostluq mühitində keçmiş, iki ölkənin 33 illik diplomatik əlaqələrinin uğurları yüksək qiymətləndirilib. Liderlər qarşılıqlı etimad, strateji baxış və birgə maraqlar əsasında münasibətlərin daha da dərinləşdirilməsinə razılaşıblar.

Bəyanatda tərəflərin suverenlik, ərazi bütövlüyü və milli təhlükəsizliyi qarşılıqlı şəkildə dəstəklədikləri vurğulanır. Azərbaycan “vahid Çin” prinsipini qətiyyətlə tanıyır və Tayvanın Çin ərazisinin ayrılmaz hissəsi olduğunu bir daha təsdiqləyir. Eyni zamanda, Çin Azərbaycanın təklif etdiyi sülh gündəliyini və regional sabitlik təşəbbüslərini dəstəklədiyini bəyan edib.

İki ölkə liderlərinin diplomatiyası gələcək əməkdaşlığın əsas istiqaməti kimi qeyd olunub. Tərəflər siyasi partiyalar, parlamentlər, XİN-lər və hökumətlərarası strukturlar səviyyəsində əlaqələrin genişləndirilməsi barədə razılığa gəliblər.

“Bir kəmər, bir yol” təşəbbüsü Azərbaycanın milli inkişaf planları ilə uyğunlaşdırılaraq regional və beynəlxalq səviyyədə inteqrasiyanın dərinləşdirilməsi məqsədilə əməkdaşlıq genişləndiriləcək. Ticarət, investisiya, yaşıl enerji və rəqəmsal iqtisadiyyat sahələrində birgə layihələrin həyata keçirilməsi üçün xüsusi İşçi qrup yaradılacaq.

Sənəddə nəqliyyat və logistika əməkdaşlığına xüsusi yer verilir. Transxəzər marşrutları üzrə Çin–Avropa–Çin multimodal daşımalarının genişləndirilməsi üçün Azərbaycan və digər tərəfdaşlarla iş birliyinin gücləndirilməsi planlaşdırılır. İki ölkə arasında azad ticarət sazişi üzrə danışıqların başlanması barədə razılıq əldə olunub.

Elm, təhsil, mədəniyyət və turizm sahələrində də əməkdaşlıq dərinləşdiriləcək. Tələbə mübadiləsi, Konfutsi institutlarının inkişafı, ortaq tədqiqatlar və mədəni tədbirlərin təşkili istiqamətində praktiki addımlar atılacaq. Vizaların qarşılıqlı ləğvi haqqında sazişin imzalanması məsələsi də gündəmdədir.

Enerji sahəsində, xüsusən də bərpaolunan enerji və təmiz texnologiyalar üzrə tərəfdaşlıq genişlənəcək. Sənaye sahəsində isə neft-kimya, əczaçılıq, metallurgiya və maşınqayırma üzrə əməkdaşlıq təşviq olunacaq.

Beynəlxalq səviyyədə, Azərbaycan Çin tərəfindən irəli sürülən Qlobal İnkişaf, Təhlükəsizlik və Sivilizasiya təşəbbüslərini dəstəkləyir və bu təşəbbüslər çərçivəsində sıx əməkdaşlığa hazır olduğunu bildirir. COP29 konfransına ev sahibliyinə görə Azərbaycanı təbrik edən Çin, iqlim dəyişikliyi ilə mübarizə sahəsində birgə fəaliyyətə önəm verdiyini ifadə edir.

Azərbaycanın ÜTT-yə üzvlüyünə dəstək, ŞƏT və AQEM çərçivəsində əməkdaşlıq, transmilli təhlükələrlə mübarizə, eləcə də minatəmizləmə sahəsində Çin tərəfindən texniki dəstək məsələləri də Birgə Bəyanatda əksini tapıb.

... Dövlət başçımızın "Səmaaltı İmperiya"ya səfərini qlobal geosiyasi mənzərənin yenidən formatlaşdırılması çərçivəsində dəyərləndirməkdə fayda var.

Çünki artıq "qlobal çoxluq" ölkələri - Latın Amerikasından Mərkəzi Asiyaya, Şərqi Afrikadan Cənubi Qafqazadək - kənar güclərin sistemlərinin periferiyası olmağı rədd edirlər. Onlar yeni formalaşan dünya düzəninin memarlarıdır.

Məhz bu kontekstdə Azərbaycan Çinlə ticarət və enerji sərhədlərini aşan hərtərəfli və strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyur.

Bu gün qlobal gündəmin mərkəzində artıq içi boş, artıq klişe gəvəzəlik təsiri bağışlayan "postdemokratiya" və "libertarianlıq" bəyanları yox, enerji təhlükəsizliyi, nəqliyyat əlaqəliliyi, rəqəmsal suverenlik və iqlim həmrəyliyi təki real dayanıqlıq mexanizmləri dayanır. Məhz bu çərçivədə Azərbaycan və Çin ittifaqı formalaşdırır - hansı ki, heç kimə qarşı yönəlməyib, əksinə, sivilizasiyalararası sinerjini təmsil edir: qarşılıqlı hörmət və texnoloji əməkdaşlıq dilində danışan xalqların ittifaqı.

Rəsmi Pekinin Azərbaycan Prezidenti İlham Əliyevi vasitəçi ölkənin rəhbəri kimi deyil, öz cazibə mərkəzinə malik dövlətin lideri kimi qəbul etməsi həddən ziyadə önəmli məqamlardan biridir. Səbəb məlumdur: Azərbaycan heç bir kənar müdaxilə olmadan münaqişələri həll etməyi, infrastruktur qurmağı və regional sabitliyi təmin etməyi bacarır. Bu isə ölkəmizi "Səmaaltı İmperiya" üçün yalnız enerji və ya logistika məkanında yox, böyük geostrateji oyunun bərabər hüquqlu tərəfdaşı kimi maraqlı etdi.

Pekinin "Bir kəmər, bir yol" təşəbbüsü bu gün artıq sadəcə Çin tipli qloballaşmanın metaforası deyil, Avrasiya inteqrasiyası üçün intellektual platforma kimi yenidən düşünülür. Bu kontekstdə Xəzərdən, Cənubi Qafqazdan və Türkiyədən keçən Orta Dəhliz xüsusilə strateji əhəmiyyət kəsb edir. Azərbaycan bu marşrutda təkcə tranzit rolunu oynamır - o, marşrutun həmmüəllifidir: limanlara, dəmir yollarına, logistikaya, təhlükəsizlik və hüquqi çərçivəyə sərmayə qoyur.

Onilliklərin qovşağında, qlobal düzənin sürətlə aşındığı bir dövrdə Azərbaycan artıq Şərqlə Qərb arasında sadəcə keçid zonası deyil. Bu, geoiqtisadi sistemin kalibrasiya nöqtəsinə çevrilən məkan, Bakı isə transregional inteqrasiyanın operatorudur. Prezident İlham Əliyevin Pekinə səfəri isə Azərbaycanın xarici siyasət strategiyasının yetkinliyinin təzahürüdür.

Si Cinpin Prezident İlham Əliyevi "Çin xalqının böyük dostu" adlandırdı. Bu, sadə diplomatik jest deyil, aydın siyasi mesajdır. Pekində yaxşı anlayırlar: Azərbaycan - Avrasiya nəqliyyat və enerji dəhlizlərinin kəsişməsində yerləşən əsas aktordur, onun liderliyi isə sabit, praqmatik və Çin təşəbbüsləri ilə sistemli inteqrasiyaya açıqdır.

Səfərin yekununda "strateji tərəfdaşlıq" mərhələsindən "hərtərəfli tərəfdaşlığa" keçidi rəsmiləşdirən yeni sənəd imzalandı. Bu, keyfiyyət dəyişikliyidir. Çin bu səviyyəni yalnız qarşılıqlı etimada, beynəlxalq subyektivliyə və real geoiqtisadi aktivlərə malik ölkələrə təklif edir. Azərbaycan üçün bu, təkcə enerji ixracatçısı və ya tranzit ölkə kimi deyil, beynəlxalq sabitliyə real töhfə verə bilən suveren oyunçu kimi tanınması deməkdir.

Ayrı bir xətt isə bərpa olunan enerji ilə bağlıdır. Son üç ildə Azərbaycan "yaşıl transformasiya"ya eksponensial maraq göstərir. COP29-a hazırlıq çərçivəsində Bakı artıq özünü qlobal iqlim gündəmində fəal subyekt kimi tanıdıb.

Bəhs etdiyimiz kontekstdə Çin - günəş və külək enerjisi sahəsində mütləq lider - yalnız texnologiya deyil, eyni zamanda investisiyalar, kadr hazırlığı və kredit xətləri təklif edir. İlham Əliyevin səfəri nəticəsində Qarabağda, Abşeronda və Naxçıvanda günəş elektrik stansiyalarının tikintisi ilə bağlı layihələr daha da möhkəmləndirildi. Çin dəstəyi Azərbaycanın Şərqlə Qərb arasında “yaşıl enerji habına” çevrilməsini sürətləndirir.

Əhəmiyyətli məqam ondan ibarətdir ki, bu texnoloji transfer prosesi kolonial xarakter daşımır, tərəfdaşlıq prinsiplərinə əsaslanır. Layihələrin yerli iqtisadiyyata inteqrasiyası və milli kadrların hazırlanması tərəflərin yetkin yanaşmasını göstərir.

Görüşlər zamanı humanitar məsələlər də gündəmə gəldi. Heydər Əliyev Fondunun mədəni təşəbbüslərin və sivilizasiyalararası dialoqun təşviqindəki fəaliyyəti xüsusi qeyd olundu. Çin Azərbaycanı təkcə enerji və tranzit mərkəzi kimi deyil, oxşar prinsip və dəyərlərə əsaslanan sivilizasiya müttəfiqi kimi qəbul edir: daxili işlərə qarışmamaq, suverenliyə hörmət və inkişaf modellərinin plüralizmi.

Azərbaycan da öz növbəsində Pekinin qlobal təşəbbüslərini dəstəklədi - bəşəriyyətin ortaq taleyi, təhlükəsizlik və inkişaf konsepsiyalarını. Bu isə iki dövlətin dünya görüşündəki strateji yaxınlığın təsdiqidir.

Ümumiyyətlə, postkolonial dünya yavaş, lakin dönməz şəkildə yenidənqurma mərhələsinə qədəm qoyur. XIX əsrdən başlayaraq Qərb qlobal nizamı üçqat mexanizm üzərindən idarə edirdi: dəniz yolları, maliyyə infrastrukturunun idarəetməsi və resurs üzərində dominantlıq. Bu alətlər hələ də mövcuddur, lakin artıq monopoliyalarını itirirlər. Çinin yüksəlişi, Şərqi və Cənubi Asiyanın avtonomlaşması, Yaxın Şərqin transformasiyası və Avrasiyanın artan nüfuzu qlobal mərkəzləşmədən çoxqütblü segmentasiyaya doğru keçidi stimullaşdırır.

Məhz bu kontekstdə Pekinlə Bakının ikitərəfli danışıqlarını hərtərəfli, dərindən və geniş təhlil etmək lazımdır. Çinin “Bir kəmər, bir yol” təşəbbüsü artıq imperiyaya xas layihə deyil, elastik tərəfdaşlıqlar matrisi olaraq qəbul edilir. Bu prosesdə Azərbaycan nə vassaldır, nə də statistik. O, yeni nəqliyyat və enerji dəhlizinin memarlarından biridir - sinerji məntiqinə əsaslanan, asılılığa yox.

Səfərin ən mühüm nəticələrindən biri ənənəvi ticarət çərçivəsini aşan razılaşmalar paketi oldu. Bərpa olunan enerji sahəsinə birbaşa sərmayələr, Sumqayıtda BYD elektrobuslarının yığılması, hidrogen enerjisi və rəqəmsal dekarbonizasiya üzrə əməkdaşlıq - bütün bunlar Azərbaycanın sənaye transformasiyasına və texnoloji avtonomluğa hazır olduğunu göstərir.

34 milyon dollar dəyərində elektrobus layihəsinə sərmayə təkcə bir rəqəm deyil. Bu, Azərbaycanın iqtisadi prioritetlərinin dəyişdiyini əks etdirən infrastruktur göstəricisidir: xammal ixracatçısından yüksək texnologiyalı əlavə dəyər zəncirlərinin qurucusuna çevrilmək. Çin isə bir çox Qərb oyunçularından fərqli olaraq, siyasi şərtlərlə kreditlər deyil, real istehsalat güclərinə sərmayə qoyur.

Səfərdə əsas müzakirə mövzularından biri yaşıl enerji oldu. Simvolik məna da var: rifahını neft və qazla qurmuş bir ölkə bu gün enerji keçidinin önündə gedir. Və bu transformasiyada Çin nə təlimatçı, nə də nəzarətçi deyil - texnoloji müttəfiq rolundadır. Günəş və külək stansiyaları, ortaq R&D layihələri, avadanlığın lokallaşdırılması, yerli kadrların hazırlanması - bütün bunlar Bakını Cənubi Qafqazın yeni enerji laboratoriyasına çevirir.

Diqqətçəkən odur ki, Çin Azərbaycanı sadəcə bazar olaraq yox, yaşıl gündəmini Avropaya daşımaq üçün platforma kimi görür. Digər tərəfdən, Bakı Pekini təkcə investor kimi yox, həm də qlobal enerji rəqabəti şəraitində sabitliyin siyasi zəmanətçisi kimi qəbul edir. Bu səbəbdən enerji mövzusu logistikadan tutmuş iqlim və humanitar əməkdaşlığa qədər geniş sahələri əhatə edir.

Qərb paytaxtlarının beynəlxalq münasibətlərdə neytrallıq görüntüsünü belə itirdiyi bir vaxtda, Çin və Azərbaycan əməkdaşlığı suverenliyə hörmət və daxili işlərə qarışmama prinsipləri əsasında gücləndirirlər. Pekində imzalanmış ortaq bəyanat Azərbaycandan Çinin əsas təşəbbüslərinə - Qlobal İnkişaf Təşəbbüsündən tutmuş “bəşəriyyətin ortaq taleyi” konsepsiyasına qədər - dəstəyini aydın şəkildə ifadə etdi.

Bu qarşılıqlılıq nə diplomatik nəzakət jestidir, nə də formallıq. Azərbaycan regional təhlükəsizlik və milli seçim məsələlərində müstəqil mövqe nümayiş etdirdiyini çoxdan sübut edib. Çin tərəfindən göstərilən dəstək - asılılıq xətti deyil, xarici diktə, sanksiyalar və geosiyasi manipulyasiyalara qarşı qarşılıqlı müdafiə məkanıdır.

Danışıqlarda xüsusi yer tutan mövzu - “Orta Dəhliz” layihəsi oldu. Çinlə Avropanı Xəzər, Cənubi Qafqaz və Türkiyə üzərindən birləşdirən bu nəqliyyat arteriyası Şimal Dəniz Yolu və Rusiya ərazisindən keçən marşrutlara strateji alternativ kimi formalaşır.

Pekində keçirilən görüş sübut etdi ki, Orta Dəhlizin əsas dayağı məhz Azərbaycandır. Ölkənin dəniz liman infrastrukturu, dəmir yolu qovşaqları və multimodal logistika mərkəzləri onu Çin üçün əvəzsiz tərəfdaşa çevirir. Artıq Çin şirkətləri Azərbaycanın nəqliyyat sisteminin genişləndirilməsinə - Ələt limanından Bakı-Tbilisi xəttinədək - sərmayələrini artırır.

Şərqi Avropada dərinləşən geosiyasi qeyri-müəyyənlik və Yaxın Şərqdəki sabitsizlik fonunda Azərbaycanın sabitliyi Çin üçün bu marşrutun cazibəsini daha da artırır. Bu gün logistika qlobal nüfuzun yeni valyutasına çevrilir. 2024-cü ildə Çinlə Azərbaycan arasında yük tranziti 86 faiz artıb - bu, sadəcə statistika deyil, geosiyasətdir.

Limanların, konteyner parklarının və multimodal infrastrukturun genişləndirilməsi Azərbaycanı elə bir qovşağa çevirir ki, Cənub-Şərqi Asiyanı, Xəzəri, Qara dənizi və Avropanı vahid enerji və ticarət oxunda birləşdirə bilir. Lakin Bakıda getdikcə daha çox səslənən fikir var: deklarativ formatlardan yorulmuşuq. Söhbət “yeni ipək yolu” şüarlarından yox, dəqiq və təminatlı maliyyələşmə mexanizmlərindən, sabit yük axınlarından gedir. Çin buraya ritorika ilə deyil, məsuliyyətli ortaq kimi - layihələr, gəlirlər və logistika ilə dəvət olunub.

... Azərbaycanın yeni diplomatiyası Qərb dəyərlərinə formal uyğunlaşma ilə deyil, qlobal ədalət ideyası ilə formalaşır. Prezident İlham Əliyev ardıcıl şəkildə Qlobal Cənubun maraqlarını müdafiə edir, neokolonial diktəyə, ikili standartlara və psevdo-inhisarlara qarşı çıxır.

Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə Azərbaycan sadəcə prosesləri idarə etmədi, konkret mexanizmlər irəli sürdü: iqlim maliyyələşməsi, az inkişaf etmiş ölkələrə dəstək, rəqəmsal bərabərlik. Bu təşəbbüslər Çin tərəfindən müsbət qarşılandı - özü də uzun illər Qərbin təkəbbürünün hədəfi olmuş, bu gün isə güc mərkəzinə çevrilmiş bir dövlət kimi.

Beynəlxalq mühitin daha da qütbləşdiyi indiki vaxtda vacib bir məsələ - Azərbaycanın Qlobal Cənubun sözçüsü rolunun tanınması oldu. Çin COP29 iqlim sammitinin Bakıda keçirilməsi ilə bağlı uğurları yüksək qiymətləndirdi və vurğuladı ki, Azərbaycan diplomatiyası inkişaf etməkdə olan ölkələrin maraqlarını cəmləşdirə və iqlim, enerji və ərzaq təhlükəsizliyi sahələrində balanslaşdırılmış qərarlar formalaşdıra bilir.

Bu, daha bir mesajdır: Bakı təkcə regional aktor deyil, qlobal sabitliyin memarlığında söz sahibi olan danışıqlar meydanına çevrilir.

Pekin və Bakı - ideoloji baxımdan eyni cərgədə dayanmasalar da, onların ortaq bir rəqibi var. Bu, hansısa xarici güc deyil. Bu, bir zamanlar dünyanı ikiyə bölüb, birinə hökm etmək, digərinə tabe olmaq haqqını verən köhnə düzəndir. Prezident İlham Əliyevin Çinə səfəri təkcə ikitərəfli diplomatiya aktı deyil. Bu, suverenliyə iradə göstərən ölkələrin obyekt yox, subyekt kimi çıxış etdiyi yeni geosiyasi arxitekturanın qurulmasına doğru atılmış strateji addımdır.

Bu mənada Si Cinpinin “bəşəriyyətin ortaq taleyi” haqqında söylədiyi ifadə artıq abstrakt tezis deyil, konkret məzmuna malikdir - ortaq layihələr, enerji və rəqəmsal dəhlizlər, elmi mübadilələr və infrastruktur əməkdaşlığı fonunda bu ideya real forma alır. Azərbaycan bu yeni reallığın sadəcə iştirakçısı yox, onu formalaşdıran aktyora çevrilir.

... Dünya dəyişir. Əmr və ya planla yox. Dəyişikliklər iqtisadi, mədəni və enerji əsaslı tektonik təbəqə hərəkətləri ilə baş verir. Bu yeni şəraitdə köhnə aksiomalar artıq səslənmir. Ənənəvi imperiyalar “həqiqətə” olan inhisarlarını itirir, yeni güc mərkəzləri isə ekspansiya ilə deyil, qitələri, bazarları və ideyaları birləşdirmək qabiliyyəti ilə meydana çıxır.

XXI əsr sadəcə yeni dövlətlərin deyil, yeni anlamların dövrüdür. Neft hələ də vacibdir, amma dominant rolunu itirir. Logistika siyasətə çevrilir. Diplomatiya artıq abidələr və ziyafətlərdən ibarət deyil - günəş stansiyaları, dəmir dəhlizlər və iqlim dəyişikliklərinə qarşı ortaq məqsədlərdir.

Belə tektonik düzülüş fonunda Azərbaycan artıq körpü rolunu oynamır. O, qovşaqdır. Elə bir qovşaq ki, Avrasiya marşrutları burada kəsişir, enerji burada yeni formalar qazanır və coğrafiya burada strategiyaya çevrilir. Bakı - artıq cənub sərhədi deyil, nəzarət yox, qarşılıqlı iştirak əsasında qurulan yeni regional təsir modelinin mərkəzidir.

Prezident İlham Əliyevin Çinə səfəri protokol hadisəsi deyil. Bu, uzun bir fəslin girişidir. O fəsildə Azərbaycan və Çin yalnız tərəfdaşlıq deyil, sivilizasiyaların ittifaqını qururlar - burada önə çıxan hərbi bloklar deyil, enerji savadlılığı, infrastruktur zəkası və strateji dayanıqlılıqdır.

Bu, sadəcə iki Prezidentin deyil, iki inkişaf strategiyasının, iki dayanıqlılıq modelinin, iki sivilizasiyanın dialoqu idi. Və bu dialoqda onlar ortaq nöqtələri axtarmırdılar - artıq tapmışdılar.

Əgər XX əsr Qərb dirijorluğu ilə yazılan geosiyasi simfoniya dövrü idisə, XXI əsr polifoniya zamanıdır - notlar Bakı və Pekində yazılır, Ankarada və Braziliyada səslənir, Dohada və Əddis-Əbəbədə tamamlanır. Bu yeni partituranın orkestrində Azərbaycan ikinci skripka deyil. O - melodiyanın bir hissəsinə dirijorluq edir.

Qlobal qaydaların və rolların yenidən bölündüyü indiki şəraitdə Prezident İlham Əliyev və Çin Sədri Si Cinpin arasında baş tutan görüş sadəcə xarici siyasət ritualı deyil, strateji yetkinliyin bəyanı idi. Bu - Azərbaycanın artıq kənar ssenarilərin kölgəsindən çıxdığının, gələcəyi diktə edən yox, onu yazan güclü və suveren dövlətlərin sırasında yer aldığının bəyanıdır.

Köhnə imperiyalar liderlik uğrunda mübahisə apardığı halda, yeni dövlətlər susaraq qurur.

Limanlar. Magistrallar. Elektrik stansiyaları. Körpülər.

Və bu səssiz əməyin əsasında duran qarşılıqlı etimad artıq qlobal mənzərəni dəyişməkdədir.

Dünya quruya çevrilir. Çoxdilli, çoxqütblü, çoxsəviyyəli.

Bu dünyada Azərbaycan təkcə iştirakçı deyil.

O - həmmüəllifdir.

Xəbər lenti

Xəbər lenti