Bakı. Trend:
2025-ci ilin birinci rübündə Azərbaycana idxal olunan buğdanın 80 faizi Qazaxıstan məhsullarının payına düşüb.
Trend xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayel Azərbaycan-Qazaxıstan Ekspertlər Şurasının IV iclasında çıxışı zamanı bildirib.
Diplomatın sözlərinə görə, bu göstərici iki ölkə arasında ərzaq tərəfdaşlığının gücləndiyini təsdiq edir.
Alim Bayel qeyd edib ki, bu cür dinamika ələlxüsus, Orta dəhliz çəçrivəsində Xəzər dənizi üzərindən marşrutrların inkişaf etdirilməsi kontekstində Mərkəzi Asiya ilə Avropa arasında nəqliyyat-logistika layihələrinin vacibliyini önə çıxarır.
“Orta dəhliz enerji resurslarının, həmçinin ərzağın ixracı üçün yeni üfüqlər açır, bununla yanaşı Avrasiya məkanında iqtisadi inteqrasiyanın dərinləşməsinə vəsilə olur”, - deyə səfir bildirib.
Diplomat ölkələr arasında enerji və aqrar sahələrdə əməkdaşlıqda dayanıqlı inkişafın müşahidə olunduğunu əlavə edib.
“Bizim ölkələr arasındakı məsafə artıq əngəl sayılmır və bu məhz müasir infrastruktur və siyasi iradənin sayəsində mümkün olub” , - deyə səfir bildirib.