Pekin. Trend:
Prezident İlham Əliyev və Sədr Si Cinpin davamlı və ekoloji cəhətdən təmiz inkişafın vacibliyi ilə bağlı oxşar fikirləri bölüşürlər.
Trend xəbər verir ki, bunu Çin Beynəlxalq Tədqiqatlar İnstitutunun Amerika tədqiqatları şöbəsinin köməkçi tədqiqatçısı Kan Cie Pekində jurnalistlərə açıqlamasında bildirib.
Ekspert qeyd edib ki, hər iki lider inkişafın əsasları kimi "yaşıl" keçidə və rəqəmsal texnologiyalara xüsusi önəm verir.
Bu yaxınlarda işğaldan azad edilmiş ərazilərə, o cümlədən Şuşa şəhərinə səfər edən Kan Cie vurğulayıb ki, regionun bərpası üçün ekoloji təmizlik prinsipləri əsasdır.
"Şuşada bərpa prosesində onların ekoloji məsələlərə necə diqqətlə yanaşıldığını gördüm. Məni xüsusilə su elektrik stansiyaları və günəş qurğuları heyran elədi", - o qeyd edib.
O, Çin təcrübəsi ilə paralellər apararaq, Pekindən cənubda yerləşən Xiong'an şəhərinin tikinti layihəsi haqqında danışıb. "Xiong'an gələcəyin şəhəri kimi düşünülüb - burada rəqəmsallaşmaya və "yaşıl" iqtisadiyyata diqqət yetirilib. Bu, Çin və bəlkə də bütün dünya üçün bir növ modeldir. Oxşar yanaşmalar bu gün Qarabağda da özünü göstərir", - o əlavə edib.
Ekspertin fikrincə, Çin şirkətləri Qarabağın bərpasına, xüsusən də bərpa olunan enerji və rəqəmsal infrastruktur sahələrində mühüm töhfə verə bilər.
"Qarabağda gördüyüm günəş enerjisi qurğularının bəziləri Çində istehsal olunub. Düşünürəm ki, gələcəkdə Çin şirkətlərinin bərpa layihələrində iştirak etmək imkanları daha çox olacaq", - Kan Cie deyib.