Bakı. Trend:
ABŞ administrasiyası müxtəlif ölkələrlə ticarət əməkdaşlığını genişləndirmək istiqamətində yeni addımlar atır.
Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt brifinq zamanı açıqlama verib.
"Hal-hazırda ticarət qrupuna təqdim edilmiş 18 yazılı təklif var. Bunlar ölkələrin Tramp administrasiyasına və hökumətimizə təqdim etdiyi rəsmi təkliflərdir", – deyə Livitt bildirib.
Onun sözlərinə görə, bu həftə ərzində ABŞ-ni ticarət danışıqları qrupu 34 ölkənin nümayəndələri ilə görüş keçirir.
Çinlə ticarət danışıqlarının vəziyyətinə dair sualı cavablandıran Livitt qeyd edib: "Biz Çinlə potensial ticarət sazişi üzərində çox yaxşı işləyirik. Prezident və administrasiya Çinlə razılaşma əldə olunması üçün zəmin yaradır".
Qeyd edək ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp 185 ölkə və ərazidən gətirilən məhsullara gömrük rüsumu tətbiq ediləcəyini açıqlamışdı.