Bakı. Trend:
2024-cü ildə ilk dəfə olaraq Hesablama Palatasının apardığı bəzi auditlərdə “yaşıl büdcə” yanaşmasına uyğun göstəricilərə istinad edilməsi az da olsa, qeyd olunub. Bu, Azərbaycanın ekoloji maliyyələşdirmə prinsiplərinə keçidinə dair müsbət siqnaldır. Lakin təəssüf ki, bərpaolunan enerji layihələrinə yönəlmiş dövlət xərclərinin səmərəliliyinə dair aparılan təhlillər və pre-audit nəticələri Hesabatda ayrıca və yetərli şəkildə təqdim olunmayıb. Belə bir bölmənin əlavə olunması həm ictimai, həm də parlament nəzarəti baxımından vacibdir.
Trend xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Millət vəkili bildirib ki, Hesablama Palatasının qarşısında yeni dövrün çağırışları dayanır:
“Artıq Palata yalnız xərclərin qanunvericiliyə uyğunluğunu deyil, bu xərclərin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə, xüsusilə 7-ci (bərpa olunan enerji), 12-ci (məsuliyyətli istehlak və istehsal) və 13-cü (iqlim dəyişikliyi ilə mübarizə) məqsədlərlə uyğunluğunu da qiymətləndirməlidir. Hesabatda yaşıl enerji sahəsində dövlət xərclərinin istifadəsi ilə bağlı ümumi məlumatlara rast gəlinsə də, onların nəticələri və təsirləri ilə bağlı dərin təhlillər yer almayıb. Gələcəkdə bu sahədə audit yoxlamalarının aparılmasına və əsaslı təhlillər edilməsinə zərurət var. Bu baxımdan nəticəyönümlü büdcə və yaşıl büdcə yanaşmalarının Palatanın audit fəaliyyətində mərkəzi yer tutması məqsədəuyğun olardı. Hesabatlarda yaşıl keçid, rəqəmsal transformasiya və iqlim risklərinin iqtisadiyyata təsiri kimi mövzuların daimi şəkildə yer alması mütləqdir”.