Bakı. Trend:
Erməni cəmiyyəti öz inkişafının dalanına dirənib.
Trend xəbər verir ki, bunu 12 il Ermənistanda yaşamış, Bakıda doğulmuş bloger Albert İsakov bu gün Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması mövzusuna həsr olunmuş dəyirmi masada çıxışı zamanı bildirib.
“Erməni cəmiyyətindən söz gedirsə, o öz inkişafının dalanına dirənib. Əgər onu ümumiyyətlə inkişaf adlandırmaq olarsa. Bu daha çox deqredasiyadır, heç yerə aparmayan yoldur” , - deyə o bildirib.
A.İsakov qeyd edib ki, ikinci Qarabağ müharibəsi dövründə erməni cəmiyyətini faktiki olaraq çaşqınlığa salırdılar, erməniləri onların qələbəyə çox yaxın olduqlarına inanmağa məcbur etmişdilər.
“Mən erməni təbliğatının nümunələrini görmüşəm - həm müharibədən əvvəl, həm də o bitəndən dərhal sonra nə dediklərini eşitmişəm. Erməni cəmiyyətinin müharibədən sonra hansı informasiya məkanında olduğunu görmüşəm. Cəmiyyəti bilərəkdən aldadırdılar, çaşqınlığa salırdılar, onların qələbə qazanmaqda olduqlarına əmin ediridlər. Bu bir təbliğat idi. Mən ermənicə danışa bilirəm və onu deyə bilərəm ki, daxildən çoxlu yalanların şahidi olmuşam və elə bir məqam çatıb, anlamışam ki – mən daha susa bilmərəm", - deyə o bildirib.
O, uşaqlıqdan müxtəlif xalqların nümayəndələri arasında səmimi və mehriban münasibətlərin şahidi olduğunu vurğulayıb.
"Mən azərbaycanlıları, erməniləri görmüşəm, onların necə ünsiyyət qurduqlarını, dostluq etdiklərini görmüşəm. Bu münasibətlərin gözəlliyini və səmimiliyini, o illərdə Bakıda hökm sürən atmosferi yaşamışam. Bu mənim uşaqlığım idi və mən tez-tez xatirimdə həmin dövrlərə qayıdıram", - deyə İsakov əlavə edib.
Bloq yaratmaqdan danışan İsakov bildirib ki, əvvəlcə onun geniş auditoriyası olmayıb. Onun sözlərinə görə, sadəcə olaraq çıxıb başına gələnləri danışıb və öz fikirlərini bölüşüb. İlk videoları cəmi 30–40 nəfər izləyib, lakin tezliklə o, xüsusilə həmvətənləri – Ermənistandan, Qarabağdan olan azərbaycanlılar, qaçqınlar və məcburi köçkünlər tərəfindən müsbət reaksiya aldığını görüb.