Bakı. Trend:
21 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Əlcəzair Xalq Demokratik Respublikasına səfər edib.
XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Əlcəzair şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Əlcəzair Xalq Demokratik Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin ikinci iclası keçirilib.
Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Əlcəzair tərəfindən isə Xarici Işlər Nazirliyinin Baş katibi Lounes Maqraman rəhbərlik edib.
Məsləhətləşmələr zamanı ikitərəfli siyasi, iqtisadi, ticarət və parlamentlərarası əlaqələrin hazırki vəziyyəti və gələcək inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb. İki ölkə arasında neft-qaz, eləcə də bərpa olunan enerji sahəsində əməkdaşlıq üçün geniş imkanların mövcud olduğu qeyd edilib.
Çoxtərəfli formatda, xüsusilə beynəlxalq təşkilatlar, o cümlədən
BMT, İslam Əməkdaşlığı Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində
qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə
edilib. Azərbaycanın 2026-cı ildə İslam Əməkdaşlıq Təşkilatının
sammitinə ev sahibliyinin mühüm hadisə olduğu, ölkəmizin nüfuzu və
beynəlxalq tədbirlərə ev sahibliyində zəngin təcrübəsinin qeyd
edilən zirvə görüşünün uğurlu təşkilinə əminlik yaratdığı xüsusi
olaraq qeyd edilib.
Əlcəzair tərəfinə münaqişə sonrası mövcud vəziyyət və sülh prosesi,
o cümlədən azad olunmuş ərazilərdə aparılan bərpa, quruculuq
işləri, ərazilərimizin minalardan təmizlənməsi və vətəndaşlarımızın
öz doğma torpaqlarına qayıdışı barədə məlumat verilib.
Siyasi məsləhətləşmələr zamanı tərəflər, qarşılıqlı maraq
doğuran regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi
aparıblar. Səfər çərçivəsində, nazir müavini Yalçın Rəfiyev
Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər, xaricdəki
milli icma və Afrika məsələləri naziri Əhməd Attaf tərəfindən qəbul
edilib. Görüşdə Azərbaycan ilə Əlcəzair arasında siyasi
münasibətlərin inkişaf dinamikasından məmnunluq ifadə olunub,
ölkələrimiz arasında iqtisadi, ticarət və sərmayə sahəsində
əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.
Nazir müavini Yalçın Rəfiyev səfəri çərçivəsində Əlcəzarin Milli
Mücahidlər Muzeyi ilə tanış olub. Muzeylə tanışlıq zamanı Əlcəzair
xalqının müstəmləkəçiliyə qarşı apardığı müqavimət hərəkatı barədə
məlumat verilib.