Bakı. Trend:
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Türkiyənin ticarət naziri Ömər Bolat arasında görüş baş tutub.
Trend-ə bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə işğaldan azad olunmuş ərazilərdə istehsal olunan məhsulların emalı sənayesinin yaradılması, bu bölgələrdə – o cümlədən Naxçıvan Muxtar Respublikasında istehsal edilən məhsulların ixracı, eləcə də hər iki ölkədə keçirilən kənd təsərrüfatı sərgiləri sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Ankarada Azərbaycan və Türkiyənin kənd təsərrüfatı nazirləri arasında ikitərəfli görüş də keçirilib. Görüş zamanı iki ölkə arasında kənd təsərrüfatı sahəsində mövcud əməkdaşlıq və onun genişləndirilməsi məsələləri müzakirə olunub.
Tərəflər balıqçılıq sahəsində Türkiyə ilə əməkdaşlıq, bu sahədə son texnologiyaların transferi, iqlim dəyişikliyinin aqrar sahəyə mənfi təsirlərinin azaldılması istiqamətində təcrübə mübadiləsi və kənd təsərrüfatı ilə qida məhsullarının ticarət dövriyyəsinin artırılması məsələlərini nəzərdən keçiriblər.
Məcnun Məmmədov Ankara şəhərində keçirilən IV Kənd Təsərrüfatı və Meşə Şurası çərçivəsində təşkil olunmuş “Kənd Təsərrüfatı Diplomatiyası Seminarı”nda iştirak edib.