Bakı. Trend:
Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların tövsiyələrinə uyğun olaraq, hava gəmisinin istismarçıları hava gəmilərinin mühərriklərindən atmosferə atılan zərərli qazların miqdarını azaltmaq üçün ekoloji cəhətdən səmərəli alternativ aviasiya yanacaqlarından istifadə edə bilərlər.
Trend xəbər verir ki, bu məsələ Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilən “Aviasiyanın ətraf mühitə təsirinin azaldılması Qaydası”nda öz əksini tapıb.
Qərara əsasən, istismarçılar, o cümlədən, hava gəmisinin istismarçıları bu sahədə xidmət göstərən təşkilatlarla alternativ aviasiya yanacaq növlərindən istifadənin genişləndirilməsi üçün əməkdaşlıq edəcəklər.
Hava gəmisinin istismarçıları zərərli emissiyaların azaldılması məqsədilə hədəflərin müəyyən edildiyi tədbirlər planı hazırlamalı və razılaşdırılması üçün Agentliyə təqdim etməlidirlər. Agentlik tərəfindən təsdiq edilmiş tədbirlər planının tətbiq olunması hava gəmisinin istismarçısı tərəfindən təmin edilir.
Enerji səmərəliliyini artırmaq üçün hava gəmisinin istismarçıları tərəfindən uçuş marşrutları üzrə ən optimal yolların seçilməsi üzrə tədqiqatlar aparılmalıdır.
Hava limanında (aeroportda) avtomobillərin parklanma yerlərində elektrikdoldurma stansiyalarının sayı artırılmalı və bu avtomobillərə daha az parklanma ödənişi tətbiq edilməsi ilə bağlı təşviqedici tədbirlər görülməlidir.
Hava limanında istifadə olunan xüsusi avtonəqliyyatların gündəlik istismar müddətini və sürmə məsafəsini azaltmaq üçün əməliyyat prosedurları mütəmadi təkmilləşdirilməlidir.