Bakı. Trend:
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-mart ayları ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 50,7 milyon manat vəsaitin ödənilməsi təmin edilib.
Trend-ə bu barədə Dövlət Xidmətindən məlumat verilib.
Məlumata görə, Dövlət Xidməti tərəfindən üç ayda 11 hərrac keçirilib. Hərraclarda 4 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi, 223 nəqliyyat vasitəsi özəlləşdirilib. Bu ilin yanvar-mart ayları ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 71 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron Hərrac” proqram təminatı vasitəsilə 12 onlayn qoşulma reallaşıb.
Cari ilin yanvar-mart ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 40,3 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 87,9% çoxdur.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin birinci rübündə 137-si qeyri-yaşayış, 847-si isə torpaq sahələri üzrə olmaqla 984 yeni icarə müqaviləsi bağlanılıb. 2025-ci ilin ilk rübündə daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 10,4 milyon manat vəsaitin ödənilməsi təmin olunub, ötən ilin eyni dövrü ilə müqayisədə 13% artım qeydə alınıb.
Beləliklə, 2025-ci ilin yanvar-mart ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 50,7 milyon manat vəsait daxil olub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 65,2% çoxdur.