Bakı. Trend:
Ötən il Azərbaycanda kapital bazarlarının inkişaf strategiyası üzrə icra vəziyyəti məlum olub.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı “Maliyyə sektorunun inkişaf Strategiyası”nın 2024-cü il üzrə icra statusuna istinadən xəbər verir.
Belə ki, kapital bazarları ilə bağlı strategiyanın plan üzrə icra olunan fəaliyyət istiqamətləri 69,4 faiz, gecikən fəaliyyət istiqamətləri isə 30,6 faiz olub.
Bu sektorda əsas nailiyyətlər kimi dayanıqlı bazar infrastrukturunun formalaşdırılmasının plana uyğun həyata keçirildiyi, fiziki şəxslərin kapital bazarına cəlb edilməsi səviyyəsinin əhəmiyyətli artırılması, kapital bazarında ilk dəfə İKT (İlkin Kütləvi Təklif) prosesinin uğurla icra edilməsi, İKT prosesində rəqəmsal həllərin tətbiq edilməsi, eləcə də ilk dəfə olaraq mobil tətbiq üzərindən əqdlərin keçirilməsi göstərilib.
Kapital bazarlarının inkişaf strategiyası üzrə görüləcək addımlar kimi isə məlumatların açıqlanması standartlarına yenidən baxılması, şəffaflıq və investorlara bərabər yanaşmanın təşviq edilməsi, bazar iştirakçıları üçün yüksək keyfiyyətli və dolğun məlumatların mövcudluğunun təmin edilməsi, istiqraz və səhm ticarətinin təkrar bazarda təşviq edilməsi, eləcə də investisiya fondlarına dair qanunvericiliyin yenidən işlənməsi tədbirləri müəyyənləşdirilib.
Kapital bazarlarının inkişaf strategiyası üzrə icrası gecikən fəaliyyət istiqamətlərinə kredit reytinqi agentlikləri haqqında Qanun layihəsinin hazırlanması, vençur kapital, kraudfandinq pratformaları və oxşar vasitələrlə maliyyələşmə imkanlarının təmin edilməsi üçün qanunvericirik çərçivəsinin yaradılması tədbirləri daxil edilib.
Qeyd edək ki, yüksək inkişaf potensialı olan kapital bazarları üzrə strategiya Azərbaycanda kapital bazarlarının maliyyə sistemində rolunu artırmaq və iqtisadi inkişafa töhfə vermək məqsədi daşıyır. Kapital bazarları üzrə əsas strateji hədəflər bazar infrastrukturunun inkişaf etdirilməsini, bazara olan etimadın gücləndirilməsini və dayanıqlığı, bazara çıxış imkanlarının genişləndirilməsini və investisiya alətlərinin çeşidinin artırılmasını əhatə edir. Bundan başqa, kapital bazarlarının ehtimal olunan potensialının qeyri-neft ÜDM-dә payının cari 10%-dən 14%-ə çatdırılması, əhalinin kapital bazarlarında investisiyalarının həcminin cari 150 milyon manatdan potensial olaraq 1 milyard manata çatdırılması və effektiv nəzarət çərçivəsinin formalaşdırılması strategiyada nəzərdə tutulur.