...

Azərbaycan Çinin “Kəmər və yol” təşəbbüsünün reallaşmasına daha böyük töhfələr verir

Siyasət Materials 22 Aprel 2025 17:19 (UTC +04:00)
Azərbaycan Çinin “Kəmər və yol” təşəbbüsünün reallaşmasına daha böyük töhfələr verir

Bakı. Trend:

Dünyanın iqtisadi, siyasi güc mərkəzlərindən biri hesab olunan Çinin qlobal inkişaf strategiyasının əsasında 21-ci əsrin İpək Yolu layihəsini reallaşdırmaq dayanır. Bu layihə dünya əhalisinin üçdə ikisini əhatə edir və onun həyata keçirilməsi çoxsaylı ölkələrin əməkdaşlığını tələb edir. Eyni zamanda bir sıra ölkələr sözügedən layihənin baş tutmasında həlledici önəmə malikdirlər və bu sırada Azərbaycan da yer alır.

2013-cü ildə Çin Prezidenti Si Cinpin tərəfindən irəli sürülən, əvvəlcə “Bir kəmər, bir yol” adlanan təşəbbüs müasir tarixin ən iddialı infrastruktur və iqtisadi inkişaf layihələrindən biridir. Çox vaxt 21-ci əsrin İpək Yolu kimi təsvir edilən bu layihə qlobal ticarəti gücləndirməyə, avtomobil və dəmir yolları, limanlar, enerji sistemləri də daxil olmaqla infrastruktura irimiqyaslı investisiyalar qoyulması vasitəsilə Asiya, Afrika və Avropada iqtisadi artımı stimullaşdırmağı özündə ehtiva edir. Başqa sözlə, “Bir kəmər, bir yol” tarixi İpək Yolu boyunca yerləşən ölkələrin infrastrukturunun inkişafına və iqtisadi inteqrasiyasının sürətləndirilməsinə yönəlmiş transkontinental əhəmiyyətli uzunmüddətli siyasət və investisiya proqramıdır.

Çin tarixi İpək Yolunun müasir versiyasını iki əsas komponentlə təqdim edir: Mərkəzi Asiyadan Avropaya və əksinə olan istiqamətlərdə quru yolları ilə daşınmanı və 6 beynəlxalq dəhlizin yaradılmasını nəzərdə tutan “İpək Yolu İqtisadi Kəməri”; Cənub-Şərqi Asiya, Cənubi Asiya, Afrika, və Avropanı dəniz yolları ilə birləşdirən “21-ci əsr Dəniz İpək Yolu”. Burada əsas məqsəd ölkələr arasında əlaqəni yaxşılaşdırmaq və iqtisadi inteqrasiyanı təşviq etməkdir. Artıq onlarla ölkə, xeyli sayda beynəlxalq təşkilat bu təşəbbüsə qoşulub. Təşəbbüs çərçivəsində görülən işlər Cənub-Şərqi Asiyada yüksək sürətli dəmir yollarından Afrikadakı limanlara və Şərqi Avropadakı magistral yollara qədər uzanır. Çin ilk növbədə dövlət bankları və müəssisələri vasitəsilə bu təşəbbüsə yüz milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və proses davam edir. Ötən dövr ərzində “Kəmər və yol” təşəbbüsü çərçivəsində Çin və digər iştirakçı ölkələr tərəfindən yatırılan investisiyaların həcmi artıq 1 trilyon ABŞ dollarını keçib, minlərlə birgə layihələr reallaşdırılıb.

Təşəbbüs əvvəlcə “Bir kəmər, bir yol” adlandırılsa da, sonradan sadəcə olaraq, “Kəmər və yol” adını daşımağa başlayıb. O, xüsusilə inkişaf etməkdə olan ölkələr üçün əhəmiyyətli iqtisadi faydalar vəd edir. Çünki təşəbbüs çərçivəsində yaradılan təkmilləşdirilmiş infrastruktur ticarəti gücləndirir, xarici investisiyaları cəlb edir və iqtisadi inkişafa təkan verir. Azərbaycan “Kəmər və yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələr sırasında yer alır.

Bu təşəbbüs həm Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin artmasına gətirib çıxarır, həm də ölkəmiz üzərindən daha çox yük daşınmasına zəmin yaradır. Qeyd edilməlidir ki, Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib, onun ölkəmizin xarici ticarət dövriyyəsində payı 7,9 faiz olub. Azərbaycana idxal üzrə isə Çin artıq lider mövqeyə yüksəlib. Azərbaycandan da Çinə ixrac artır. Azərbaycan ticarət və şərab evləri artıq Çinin Pekin, Şanxay, Urumçi, Tsindao, Çendu, Nankin və Çjantszyatsze şəhərlərində fəaliyyət göstərir, ikitərəfli ticari münasibətlərinin inkişafında mühüm rol oynayırlar. Çinlə əməkdaşlıq Azərbaycana bu ölkənin resurslarına və bazarına sərfəli çıxış imkanları yaradır.

“Kəmər və yol” təşəbbüsü kontekstində ölkələrimiz arasında münasibətlər daha da dərinləşir. Prezident İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibəsində bununla bağlı qeyd edib: “Məlum olduğu kimi, Azərbaycan ÇXR-in Sədri tərəfindən irəli sürülmüş “Kəmər və yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biridir. Biz bu istiqamətdə ciddi praktik layihələr həyata keçiririk. Əminliklə demək olar ki, Azərbaycan bu layihənin reallaşmasına istər öz ərazisində, istərsə də onun hüdudlarından kənarda Çindən sonra daha çox investisiyalar qoyan ikinci ölkədir. 2019-cu ilin aprelində Çində keçirilən 2-ci “Kəmər və yol” Forumunda çıxış edərkən qeyd etdim ki, bu layihə təkcə nəqliyyat əlaqəsini təmin etmir, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır. Biz “Kəmər və yol” təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığı genişləndiririk. Bu istiqamətdə artıq mühüm uğurlar qazanılıb. Özünün əlverişli coğrafi mövqeyindən istifadə edən Azərbaycan ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə, müasir infrastruktur yaratmağa və onların ötürücülük qabiliyyətinin artırılmasına əlavə investisiya qoymağa davam edir”.

Hazırda Çinin Avropaya ixracında Azərbaycan getdikcə daha mühüm rol oynayır. Xüsusən də Orta Dəhliz üzərindən daşınan yüklərin miqdarının sürətlə artması da bunun faktiki təzahürlərindən biridir. Prezident İlham Əliyev 2022-ci ildə keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda bu dəhlizin potensialından geniş bəhs edib: “İki qitənin ortasında yerləşirik və bu bizə bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir. Lakin infrastrukturun fiziki olaraq mövcudluğu ən vacib məsələ idi və biz bu sektora uzun illər ərzində sərmayə yatırmışıq. İndi isə dəmir yolları əlaqələrimizə, yol infrastrukturumuza baxdıqda biz Azərbaycanda hər şeyin hazır olduğunu görürük”. Azərbaycanın ərazisində yaratdığı infrastruktur, həmçinin, Orta Dəhliz üzrə yüklərin daşınmasında rolu dünyada siyasi, iqtisadi mütəvidə dərinləşən ziddiyyətlər fonunda Çin üçün daha böyük önəm kəsb etməyə başlayır. Xüsusən də o fonda ki, ABŞ və Çin arasında ticarət müharibəsi getdikcə daha şiddətli xarakter alır. Bu vəziyyətdə Çin diqqətini həm də Avropa bazarlarına daha çox yönəltməyə başlayıb ki, belə vəziyyətdə Pekinin Azərbaycanın tranzit imkanlarına ehtiycı daha da artır.

Çində nəzərə alırlar ki, Azərbayca üzərindən Şərq-Qərb dəhlizi ilə yanaşı, həm də Şimal-Cənub dəhlizi keçir. Bu da Azərbaycan üzərindən yükdaşımaların daha böyük həcmdə həyata keçirilməsinə yeni əlverişli imkanlar yaradır. Perspektivdə Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan yükdaşımalarda təkcə Çinə yox, digər Avrasiya ölkələrinə də əlavə imkanlar təqdim edəcək. Bunu Çin nəzərə alır və rəsmi Pekin Zəngəzur dəhlizinin əsas tərəfdarlarından biri qismində çıxış edir.

Beləliklə, qarşılıqlı münasibətlərin inkişafı həm Çinə, həm də Azərbaycana müxtəlif istiqamətlər üzrə böyük dividendlər qazandırır. Münasibətlərin inkişafında hər iki ölkə liderlərinin münasibətləri və dostluğu da mühüm rol oynayır. Təsadüfi deyil ki, Çin Xalq respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyevi Çinin böyük dostu adlandırır. Real vəziyyət göstərir ki, Azərbaycanla Çin arasında müxtəlif istiqamətlər üzrə əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur və bundan istifadə hər iki ölkənin marağına cavab verir. Bu potensialdan səmərəli istifadə istiqamətində görülən işlər hər iki ölkəyə dünya geoiqtisadi, geosiyasi səhnəsində əlavə üstünlüklər vəd edir.

MTM Analitik Qrup

Xəbər lenti

Xəbər lenti