Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Rusiyaya 16,8 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Trend-in Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasında apardığı hesablamalara görə, bu miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir 617 min ABŞ dolları olub.
Rusiyaya elektrik enerjisi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 1,9 milyon kVt/saat və ya 10,2%, dəyər ifadəsi ilə 63 min ABŞ dolları, yaxud 9,3% azalıb.
Belə ki, ötən ilin ilk iki ayında Azərbaycandan Rusiyaya 18,7 milyon kVt/saat həcmində, 680 min ABŞ dolları dəyərində elektrik enerjisi ixrac edilib.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycandan xaricə 296,2 milyon kVt/saat elektrik enerjisi ixrac edilib. Bu miqdarda elektrik enerjisinin dəyəri 16,4 milyon ABŞ dolları olub. Bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 316,5 milyon kVt/saat (2,1 dəfə), dəyər ifadəsi ilə 18,5 milyon ABŞ dolları (2,1 dəfə) azalıb. 2024-cü ilin ilk iki ayında Azərbaycandan ixrac edilən elektrik enerjisinin həcmi 612,7 milyon kVt/saat, dəyəri isə 34,9 milyon ABŞ dolları olub.
Onu da bildirək ki, hesabat ayında Azərbaycandan Rusiyaya, Gürcüstana və İrana elektrik enerjisi ixrac edilib.