Bakı. Trend:
Cari ilin birinci rübünün sonuna Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində 5 ildən artıq müddətdə yerləşdirilmiş investisiyaların payı 27,5% olub.
Trend bu barədə Fonddan məlumat əldə edib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz bəndi çoxdur. Belə ki, 2024-cü ilin martın sonuna ARDNF-nin investisiya portfelində 5 ildən artıq müddətdə yerləşdirilmiş ivestisiyaların payı 27% idi.
Bununla yanaşı cari ilin hesabat dövründə Fondun investisiya portfelində 3-5 illik alətlərin payı 24,7%, 1-3 illik alətlərin payı 32,8%, 1 ilə qədər müddətdə yerləşdirilmiş investisiyaların payı 15% təşkil edib.
Qeyd edək ki, bəhs olunan dövrün sonuna ARDNF-nin investisiya portfelinin 26,2%-ni Şimali Amerikaya yatırılan investisiyalar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz bəndi azdır. Belə ki, 2024-cü ilin martın sonuna ARDNF-nin investisiya portfelində Şimali Amerikaya yatırılan investisiyaların payı 33,1% idi.
Bununla yanaşı cari ilin hesabat dövründə Fondun investisiya portfelinin 29,8%-ni Avropaya, 11,8%-ni Asiyaya, 0,8%-ni Yaxın Şərqə, 0,7%-ni Yeni Zellandiya və Avstraliyaya, 0,1%-ni Latın Amerikaya yatırılan investisyalar təşkil edib. Qızıla investisiyalar portfelin 25,8%-i, beynəlxalq maliyyə təşkilatlarına investisiyalar isə portfelin 4,8%-i qədər olub.
Xatırladaq ki, cari ilin birinci rübünün sonuna ARDNF-nin cəmi investisiya portfeli 62,450 milyard ABŞ dolları olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,436 milyard ABŞ dolları və ya 9,5% çoxdur. Belə ki, 2024-cü ilin mart ayının sonuna Fondun cəmi investisiya portfeli 57,014 milyard ABŞ dolları olub.
Cəmi investisiya portfelinin 66,1%-ni ABŞ dolları (41,248 milyard), 21,4%-ni avro (12,218 milyard), 5,1%-ni ingilis funt sterlinqi (2,431 milyard), 2,5%-ni Çin yuanı (11,276 milyard), 1,3%-ni yapon yeni (122,914 milyard) və 3,6%-ni digər valyutalar (2,282 milyard ABŞ dolları) təşkil edir.