Bakı. Trend:
Milli Ödəniş Sisteminin arxitekturasının modernizasiyası həyata keçiriləcək.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankının “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nın icra statusuna istinadən xəbər verir.
Məlumata görə, ödəniş sektorunda atılacaq növbəti addımlar sırasına rəqəmsal ödənişlərin sürətli inkişafını dəstəkləmək məqsədilə MÖS-ün idarəetmə strukturunun yenidən formalaşdırılması, ölkəxarici ödəniş imkanlarının genişləndirilməsi üçün digər mərkəzi banklarla əməkdaşlıq edilməsi, rəqəmsal ödənişlər üzrə xərc səmərəliliyinin təmin edilməsi daxildir.
Həmçinin bildirilib ki, ötən il ödəniş sektorunun icra statusu 88% təşkil edib. “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”ın təsdiq edilməsi, “Ödəniş xidməti təchizatçıları tərəfindən ödəniş əməliyyatlarının aparılması və ödəniş alətləri Qaydası”nın təsdiq edilməsi, “Ödəniş agentləri ilə işin təşkili Qaydası”nın təsdiq təsdiq edilməsi, “Gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi Qaydası”nın təsdiq edilməsi uğurla həyata keçirilib.
AZİPS-də qarşılıqlı informasiya mübadiləsi üçün aidiyyəti dövlət qurumlarının daxili sistemlərinin yeni tələblərə uyğunlaşdırılması, bankların rəqəmsal bankçılıq həllərinin Ani Ödənişlər Sisteminə (AÖS) inteqrasiyasının tam təmin edilməsi, xidmət haqlarının bençmark ölkələrlə müqayisəli təhlili əsasında tarif siyasətinin hazırlanması və təsdiqi prosesi gecikən fəaliyyət istiqamətləridir.
Qeyd edək ki, ödəniş sektorunda innovativ həllərin tətbiqi ilə yanaşı ödəniş xidmətlərinə əlçatanlığın artırılması, ödəniş bazarında şəffaflıq və rəqabətliliyin gücləndirilməsi diqqət mərkəzindədir. Ödəniş xidmətləri üzrə təhlükəsizliyin və səmərəliliyin təmin edilməsi məqsədilə milli ödəniş sisteminin müasirləşdirilməsi, bazar iştirakçıları üçün əlverişli mühitin yaradılması və effektiv nəzarət çərçivəsinin formalaşdırılması da nəzərdə tutulur. Ödəniş sektoru üzrə başlıca strateji hədəf olaraq adambaşına düşən orta illik nağdsız əməliyyat sayının cari 93-dən potensial olaraq 200-ə çatdırılması planlaşdırılır. Nəticə etibarilə, rəqabət qabiliyyətli və innovativ ödəniş ekosisteminin formalaşdırılması və nağdsız ödənişlərin genişləndirilməsi iqtisadi artıma əhəmiyyətli töhfə verəcəyi gözlənilir.