Bakı. Trend:
Ana dili xalqın ən vacib milli dəyəri və milliliyini qoruyan əsas atributudur. Azərbaycan xalqı üçün ana dili olan Azərbaycan dili, tarix boyu milli-mədəni birliyin formalaşmasında və qorunmasında müstəsna rol oynamışdır. Ana dili xalqın mənəvi-mədəni sərvəti olmaqla yanaşı, onun tarixi yaddaşı, milli özünüdərki və dövlət müstəqilliyinin təməl sütunlarından biridir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin qeyd etdiyi kimi, fəxr edə bilərik ki, bizim zəngin, böyük söz ehtiyatına malik olan Azərbaycan dilimiz var. Bu müdrik və dərin məna kəsb edən sözlər müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin ana dilimizə verdiyi böyük dəyərin bariz ifadəsidir. Həyatını xalqının, Vətəninin inkişafına, intibahına həsr edən görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan dilinə həmişə layiqincə diqqət yetirib.
XX əsrin ikinci yarısında Sovet İttifaqının tərkibində olan Azərbaycan bir çox sahələrdə olduğu kimi, dil məsələsində də müəyyən çətinliklərlə üzləşirdi. Sovetlər birliyində ümumi rus dili dominant bir mövqe tuturdu, bu da milli dillərin və mədəniyyətlərin zəifləməsinə səbəb olurdu. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 1930-cu illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. 1970-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. O vaxt Azərbaycanın rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini özünəməxsus prinsipiallıq, cəsarət və qətiyyətlə bildirmişdi.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.
S. Mikayılova qeyd edib ki, Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin çox böyük xidmətləri olub. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olundu.
“Ulu Öndər Heydər Əliyev siyasi və dövlət xadimi kimi böyük bir addım atdı. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər Heydər Əliyev bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorudu. Məhz Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi təsbit olunması, xalqımızın milli kimliyinin, mədəniyyətinin və dilinin qorunub saxlanması baxımından tarixi hadisədir. Bu qərar, Ulu Öndər Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən və Azərbaycan xalqının dilinə, mədəni irsinə olan hörmətinin göstəricisidir”, - deyə o vurğulayıb.
Deputatın sözlərinə görə, dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider Heydər Əliyev ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdi:
“Böyük tarixi şəxsiyyət Heydər Əliyev SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulayıb ki, Konstitusiya vətəndaşlara təhsil hüququ verib. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Bu, əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı”.
S. Mikayılova əlavə edib ki, 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürüldü.
“Ulu Öndər Heydər Əliyev müstəqil dövlətimizin yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın 5 noyabr 1995-ci ildə keçirilən iclasında müzakirələrin məntiqi nəticəsi kimi dövlət dilinin adı barədə öz qəti fikrini bildirdi: “Mən hər bir dilə hörmət edirəm və ehtiramımı bildirirəm. Hesab edirəm ki, Azərbaycan dili ilə fəxr edə bilərik. Çünki bu zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın da, dilimizin də adı tanınıb. Bu reallıqdır”. Ulu Öndər Heydər Əliyevin fikirləri həm dil siyasətinin əsas istiqamətlərini, həm milli şüurun möhkəmləndirilməsi üçün təməl baxışları, həm də dövlət quruculuğunda dilin rolu ilə bağlı qəti mövqeyini əks etdirir. Ümummilli Lider Heydər Əliyevin bu sözləri, eyni zamanda strateji baxış və xalqın dilinə olan sevginin dövlət səviyyəsində rəsmi təsdiqidir.
Geniş müzakirələrdən sonra isə 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha gücləndirildi. Həmin ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürüldü. Bu əhəmiyyətli qərar, yalnız dilin hüquqi statusunu təmin etməkdən ibarət deyildi, eyni zamanda xalqın mədəniyyətinin, tarixinin və ənənələrinin qorunub saxlanması baxımından da böyük əhəmiyyət daşıyırdı. Həmçinin bu addım, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının tarixi və mədəni irsinin qorunmasına olan dərin hörmətinin və bağlılığının təcəssümü idi. Bu qərarın qəbul edilməsi və dövlət dili olaraq təsbit olunması ilə Azərbaycan dili öz rəsmi statusunu alaraq, dilin inkişafı üçün bir çox təşəbbüslərin həyata keçirilməsinə zəmin yaratdı. Həmçinin, gələcək nəsillərə öz ana dilində təhsil almalarını, öz mədəniyyətlərini daha yaxşı mənimsəməyi və inkişafını təşviq etdi”, - deyə o bildirib.
Deputat vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini daim diqqət mərkəzində saxlayıb və bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə dair imza atıb:
“Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Sözügedən Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı.
Əlbəttə ki, atılan hər bir addım Azərbaycanın uğurlu gələcəyinə hədəfləndi. Ulu Öndər Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.
Ulu Öndər Heydər Əliyevin müdrik rəhbərliyi və təşəbbüsləri sayəsində Azərbaycan dili və mədəniyyəti sovet dövrünün çətin illərində belə öz varlığını qoruya bilib və inkişaf edib. Bu, həm də Azərbaycan xalqının öz güclü köklərinə, öz dilinə olan sədaqətinin simvolu idi. Bu kimi addımlar, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin və Azərbaycan xalqının milli identikliyinin qorunması uğrunda cəsarətli mübarizəsinin təntənəsidir”.
Sevil Mikayılova onu da qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir.
“Ümummilli Lider Heydər Əliyevin ideyalarını layiqincə həyata keçirən Prezident İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Prezident İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamına əsasən dövlət müstəqilliyinin başlıca rəmzlərindən biri sayılan ana dilinə dövlət qayğısının daha da artırılmasını təmin etmək məqsədilə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrinin latın qrafikası ilə yenidən nəşri kütləvi şəkildə həyata keçirilib.
Prezident İlham Əliyev milli xüsusiyyətlərimizin saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu diqqətə çəkərək deyib: “Bizim xalqımız müəyyən dövrlərdə müstəmləkə şəraitində, müəyyən dövrlərdə başqa formada başqa ölkələrin tərkibində yaşamışdır. Sual olunur, necə olub ki, bütün bunlara baxmayaraq, Azərbaycan öz xüsusiyyətlərini saxlamışdır? Azərbaycan xalqı assimilyasiyaya məruz qalmamış, öz tarixi keçmişini qoruyub saxlaya bilmişdir?
Mən hesab edirəm ki, müxtəlif amillər olubdur. Amma onların içərisində ana dili və ədəbiyyat ən başlıca amildir. Çünki bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”. Prezident İlham Əliyev Azərbaycan dilinin və ədəbiyyatının qorunmasının və inkişafının nə qədər vacib olduğunu vurğulamaqla, həm də ana dilimizin varlığımızı sübut edən amil kimi səciyyələndirir. Bu, eyni zamanda, Azərbaycanın müstəqillik mübarizəsi, milli kimliyinin qorunması və gələcək nəsillərə dəyərlərimizin ötürülməsinin əhəmiyyətini ön plana çəkən bir yanaşmadır. Çünki Azərbaycan dili çox zəngin tarixə, mədəniyyətə və ənənəyə sahib olan bir xalqın dilidir və milli kimliyimizin ayrılmaz hissəsidir.
Məlum olduğu kimi, Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu təsbit etmək uğrunda tarixi qərarlar verib. Prezident İlham Əliyev isə Azərbaycan dilindən istifadənin dövlət səviyyəsində qorunması üçün mühüm addımlar ataraq dil siyasətini daha da təkmilləşdirib. Qürurvericidir ki, bu gün hər bir Azərbaycan vətəndaşı dövlət dilinin daşıyıcısı və keşikçisidir”, - S. Mikayılova deyib.
Deputat son olaraq bildirib ki, Azərbaycan Respublikasında ana dilinin hüquqi və siyasi müstəvidə təsbit olunması dövlətin milli ideologiyasının və mədəni siyasətinin təməl elementidir.
“Tarixi təcrübə göstərir ki, dilin hüquqi statusunun möhkəmləndirilməsi yalnız qanunvericiliklə deyil, həm də ictimai şüurun və vətəndaş məsuliyyətinin inkişafı ilə sıx bağlıdır. Ana dilinin qorunması və inkişafı dövlət siyasətinin davamlı prioritetlərindən biri olaraq qalmaqdadır. Bugünkü Azərbaycan cəmiyyətində ana dilinə olan münasibət həm hüquqi baxımdan, həm də milli kimliyin ifadəsi baxımından yüksək səviyyədədir. Bu sahədə görülən işlər və həyata keçirilən islahatlar Azərbaycan dilinin gələcək nəsillərə saf şəkildə çatdırılması və daim yaşadılması üçün etibarlı zəmin yaradır. Ana dili yalnız bir ünsiyyət vasitəsi deyil, həm də xalqımızın kimliyini, mədəniyyətini və tarixini qoruyan bir xəzinədir. Ana dilimizin qorunması, təbliği və inkişafı milli mənlik və mədəni irsin gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətlidir. Məhz Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dil siyasəti bu sahədə əldə etdiyimiz uğurların əsasını təşkil edir.
Ümummili Lider Heydər Əliyevin dediyi kimi, “dil, dil, bir də dil... Dili inkişaf etdirməliyik. Mən demişəm və bu gün də deyirəm. Bizim gənclərə deyirəm ki, rus dilini yaxşı bilin, ingilis, fars, ərəb, fransız dillərini də yaxşı bilin. Amma bunların hamısından yaxşı öz Azərbaycan dilimizi öyrənin. Əgər bunu bilməsən, sən tam azərbaycanlı olmursan”. Hər bir millətin varlığının mühüm atributu olan ana dili əvəzedilməz qürur mənbəyidir, ictimai sərvət və milli mədəniyyətin ilk və ən mühüm elementidir”, - deyə S. Mikayılova qeyd edib.