...

Azərbaycan və Çin arasında maraqlar qarşılıqlı əməkdaşlığı gücləndirmək üçün geniş zəmin yaradır - Azər Qarayev

Siyasət Materials 22 Aprel 2025 19:50 (UTC +04:00)
Azərbaycan və Çin arasında maraqlar qarşılıqlı əməkdaşlığı gücləndirmək üçün geniş zəmin yaradır - Azər Qarayev
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Çin arasında münasibətlər son illərdə həm siyasi, həm də iqtisadi müstəvidə əhəmiyyətli dərəcədə inkişaf edib. Hər iki ölkə Avrasiya məkanında mühüm geosiyasi və iqtisadi maraqlara malikdir və bu maraqlar qarşılıqlı əməkdaşlığı daha da gücləndirmək üçün geniş zəmin yaradır.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

"Azərbaycan və Çin arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Bu illər ərzində qarşılıqlı hörmət və daxili işlərə qarışmama prinsipi əsasında formalaşan əməkdaşlıq bu gün strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Çin Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib və Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə hörmətlə yanaşıb.

Eyni zamanda, Azərbaycan da "Vahid Çin" prinsipini dəstəkləyərək, Tayvan, Tibet və digər məsələlərdə Pekinin mövqeyini dəstəkləyib. İki ölkənin BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlığı diqqətəlayiqdir. Dövlətimizin başçısının ötən gün "Sinxua" agentliyinə müsahibəsində də qeyd etdiyi kimi, ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət veririk və ikitərəfli münasibətlərin dərinləşməsini Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndiririk", - o bildirib.

A.Qarayevin sözlərinə görə, iqtisadi əlaqələr də son illərdə ciddi şəkildə genişlənib.

"Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. 2024-cü ildə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib. Prezident İlham Əliyev qeyd edib ki, həqiqətən, Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib, onun xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub, həmçinin, idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17,69 faizə çatıb:

"İki ölkə arasında getdikcə artan iqtisadi-ticari əməkdaşlığa baxmayaraq, hələ də reallaşdırılmayan böyük potensial mövcuddur". Qarşılıqlı ticarətin tərkibi də olduqca zəngindir. Çin şirkətləri Azərbaycanın nəqliyyat və infrastruktur layihələrində fəal iştirak edir. Xüsusilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, sənaye parkları və digər logistika obyektləri çinli investorlar üçün cəlbedici platformaya çevrilib.

Dövlətimizin başçısı da müsahibəsində vurğuladı ki, bu gün Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i ölkəmizdə aktiv fəaliyyət göstərir:

"Hazırda Azərbaycanla Çin arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılır". Bu isə onu göstərir ki, iki ölkənin əməkdaşlıq edəcəyi hələ bir çox sahələr var", - o bildirib.

Politoloq qeyd edib ki, Azərbaycanın yerləşdiyi coğrafi mövqe onu mühüm nəqliyyat qovşağına çevirir.

"Çin tərəfindən irəli sürülən "Kəmər və Yol" təşəbbüsünün əsas məqsədi Asiya ilə Avropa arasında davamlı və səmərəli nəqliyyat əlaqəsi yaratmaqdır. Bu təşəbbüsdə Azərbaycanın oynadığı rol xüsusi önəm daşıyır. Belə ki, Azərbaycan ilk vaxtlardan sözügedən təşəbbüsü dəstəkləyir və reallaşdırılması istiqamətində bir çox layihəyə sərmayələr yatırıb.

Prezident İlham Əliyevin də vurğuladığı kimi, əminliklə demək olar ki, Azərbaycan bu layihənin reallaşmasına istər öz ərazisində, istərsə də onun hüdudlarından kənarda Çindən sonra daha çox investisiyalar qoyan ikinci ölkədir. Orta Dəhliz – yəni Çin-Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə və Avropa marşrutu – artıq reallığa çevrilməkdədir. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Limanı, eləcə də Azərbaycan ərazisində tikilən logistika mərkəzləri bu dəhlizin səmərəli fəaliyyətini təmin edir. Bu baxımdan, Azərbaycan, Çin üçün həm tranzit ölkə, həm də regional logistik mərkəzə çevrilməkdədir və önəm də, təbii ki, artmaqdadır", - o bildirib.

A.Qarayev vurğulayıb ki, Azərbaycan və Çin arasında əlaqələrin gələcək inkişafı üçün böyük potensial mövcuddur.

"Azərbaycan-Çin münasibətlərinin gələcək inkişafı üçün geniş və strateji istiqamətlər mövcuddur. Alternativ enerji, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar və turizm sahələri yeni əməkdaşlıq istiqamətləri kimi ön plana çıxır. Bu əməkdaşlıq yalnız ənənəvi sahələrlə məhdudlaşmır, eyni zamanda yeni çağırışlara və qlobal trendlərə uyğun şəkildə dərinləşməkdədir.

"Azərbaycanın "yaşıl enerji" konsepsiyası və Çinin "yaşıl İpək Yolu" təşəbbüsü də ətraf mühitin qorunması və dayanıqlı inkişaf məqsədlərinə xidmət edən ortaq maraq sahələridir. Azərbaycanın tranzit imkanlarının genişləndirilməsi və multimodal daşımaların təşviqi gələcək əməkdaşlığın əsas istiqamətlərindən biri olacaq. Çin üçün Avropaya çıxışda sabit, təhlükəsiz və sürətli dəhlizlərin mövcudluğu həyati əhəmiyyət daşıyır. Bu baxımdan, Orta Dəhliz Çin üçün alternativ və strateji dəyəri yüksək bir yol kimi ön plana çıxır.

Azərbaycanın enerji siyasətində yaşıl enerji və bərpa olunan mənbələrin xüsusi yeri var. Çin isə bu sahədə dünya liderlərindəndir və texnologiya ixracında böyük təcrübəyə malikdir. Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji zonası” yaradılması layihələrində Çin texnologiyalarının və investisiyalarının iştirakı gələcək əməkdaşlıq üçün real istiqamətlərdəndir. Rəqəmsal texnologiyalar, süni intellekt və 5G infrastrukturu kimi sahələrdə də əməkdaşlıq potensialı mövcuddur. Çin texnologiya şirkətləri Azərbaycan bazarına maraq göstərməkdədir və bu, qarşılıqlı faydalı innovativ layihələrin həyata keçirilməsinə zəmin yaradır", - politoloq əlavə edib.

Xəbər lenti

Xəbər lenti