Bakı. Trend:
“CubeSat” layihəsinin əsas məqsədlərindən biri regionun ekoloji hədəflərinə çatmaqdır.
Trend xəbər verir ki, bunu Azərkosmosun idarə heyətinin sədr müavini Dunay Bədirxanov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Kosmik Agentliklərinin Rəhbərlərinin 4-cü İllik Toplanatısında bildirib.
“Ötən il TDT çərçivəsində irəli sürülən "CubeSat" layihəsi inkişaf edən regional əməkdaşlığın ümidverici nümunəsidir. Azərbaycan bu təşəbbüsü texniki əməkdaşlığın təşviqi və bilik mübadiləsi üçün iqtisadi və genişlənə bilən peyk modelindən istifadə etməklə TDT üzv dövlətləri ilə sıx əməkdaşlıq şəraitində geçəkləşdirməyə hazır olduğunu bildirib. Bu təşəbbüs yalnız texniki deyil, həm də regionun ekoloji hədəflərinə yönəlib”, -deyə o bildirib.
D.Bədirxanovun sözlərinə görə, müasir sensorlarla təchiz olunmuş bu “CubeSat” peykləri karbon qazı və metan tullantılarını müşahidə edəcək, bu isə iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək və ətraf mühitin qorunması sahəsində regional imkanları gücləndirəcək.
“Azərkosmos həmçinin geoməkan texnologiyaları sahəsində təlim proqramları vasitəsilə beynəlxalq əməkdaşlığı da fəal şəkildə dəstəkləyir. Biz Millətlər Birliyi ilə tərəfdaşlıq çərçivəsində iqlim dəyişikliyinə qarşı dayanıqlığın artırılması üzrə proqram hazırlamışıq. Bu proqram kosmik texnologiyaların və coğrafi informasiya sistemləri (CİS) əsasında məlumat təhlilinin tətbiqinə əsaslanır.
Təşəbbüs Yerin məsafədən zondlanması və ekoloji monitorinq sahəsində təlim və məsləhətləri əhatə edir. Yaxın gələcəkdə bu cür proqramların türkdilli tərəfdaş ölkələrdə də genişləndirilməsi imkanlarını nəzərdən keçiririk,” - deyə o bildirib