...

İKTA 2025-ci ilin I rübü üçün şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib

Cəmiyyət Materials 23 Aprel 2025 12:21 (UTC +04:00)
İKTA 2025-ci ilin I rübü üçün şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib

Bakı. Trend:

Azərbaycanın telekommunikasiya və poçt sahəsində tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) abunəçilərin internet xidmətlərindən istifadəsi üzrə növbəti şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib.

Hesabatda 2025-ci ilin I rübü ərzində “E-Şikayət” sistemi vasitəsilə internet operator və provayderlərinə ünvanlanmış müraciətlərlə bağlı şikayət indeksi və indeks üzrə dinamika əksini tapıb. Belə ki, 2024-cü ilin IV rübü üzrə hesabatla cari hesabatın müqayisəsi aparılıb və operator, yaxud provayderin indeks dəyişiklik dinamikası müəyyən olunub.

Eyni zamanda hesabatda təqdim edilən şikayətlərin orta cavablandırılma müddəti məlumatı “E-Şikayət” sisteminə I rübdə daxil olan müraciətlərin telekommunikasiya operator və provayderləri tərəfindən icra müddətini əks etdirir və bazar payının 90%-dək hissəsini təşkil edən şirkətlərə daxil olmuş müraciətlər əsasında formalaşıb.

İKTA bəyan edir ki, ictimai nəzarətin formalaşması, şəffaflıq və xidmət keyfiyyətinin yüksəldilməsi baxımından şikayət indeksinin və şikayətlərin orta cavablandırılma müddəti hesabatının hazırlanması zəruri addımdır. Bu, telekommunikasiya sektorunda real mənzərəni müəyyən etməyə, tənzimlənmə prosesini daha asan və tez həyata keçirməyə imkan yaradacaq.

Məlumat üçün bildirək ki, “E-Şikayət” sistemi 2023-cü ilin noyabrında istifadəyə verilib. Bu günə qədər vətəndaşlar tərəfindən adıçəkilən sistem vasitəsilə telekommunikasiya və poçt xidmətləri ilə bağlı 6000-ə yaxın müraciət daxil olub.

2024-cü ilin martından isə artıq “Android” və “iOS” əməliyyat sisteminə malik cihazların istifadəçiləri müvafiq olaraq “Google play”dən və “APP store”dan “E-Şikayət”in mobil tətbiqini yükləmək imkanı əldə ediblər. Mobil tətbiqin istifadəyə verilməsi xidmətdən istifadənin miqyasını genişləndirməklə yanaşı, platformanı da daha əlçatan edir.

Agentlik şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatının dərcinin davamlı olacağını və geniş ictimaiyyətə rüblük təqdim ediləcəyini bir daha bəyan edir. İKTA gələcək fəaliyyətində bu cür ictimai iştirakçılıq vasitələrindən tənzimləmə və nəzarət mexanizmlərinin qurulmasında geniş istifadəni strateji məqsədlərindən biri olaraq müəyyənləşdirib.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

Xəbər lenti

Xəbər lenti