Bakı. Trend:
Yeni tikilən binalarda sərt qaydalar olmalıdır. “Azərisitiliktəchizat” ASC-nin icazəsi olmadan bina tikintisinə başlanılmamalıdır.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Rövşən Muradov parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
O xatırladıb ki, 2005-ci ildən tikilən binaların hamısında qazanxana var.
“Çünki bu, “Azəristiliktəchizat” yaradılanda tələb kimi qoyulmuşdu və FHN buna ciddi nəzarət edirdi. Biz 15 ildir, binada yaşayırıq, orada heç bir təmir işi getmir. Hər kəs özünə kombi sistemi qurub. Bu, israfçılıqdır, əziyyətdir. Nə qədər yanğınlar, partlayışlar olur. Ona görə də qanun layihəsinə əlavə olunmalıdır ki, bütün kombi sistemləri ləğv olunsun.
Bundan başqa, bina tikən MTK-ların əlindən idarəçilik alınsın. Arzu edərdim ki, belə bir dövlət qurumu yaradılsın ki, kommunal təsərrüfata rəhbərlik etsin. İnsanların taleyini işbazlara həvalə etməyin. Binanı tikirlər, 15 il keçir, liftdə təmir işi aparılmır. Qoca insanlar 12-ci mərtəbəyə piyada qalxır”, - deyə millət vəkili qeyd edib.