Bakı. Trend:
2012-ci ildə Azərbaycanla Çin arasında diplomatik əlaqələrin qurulmasının 20-ci il dönümü münasibətilə Azərbaycanın Çindəki səfirliyi məni dahi şair Nizaminin heykəlini düzəltməyə dəvət etdi. Mən bütün zamanların dahi şəxsiyyətinə olan ehtiramımı məhz bu cür ifadə etdim.
Trend xəbər verir ki, bunu Tzintay bədii muzeyinin direktoru, professor və heykəltəraş Yuan Sikun Pekində jurnalistlərə verdiyi müsahibədə bildirib.
Heykəltəraş heykəlin yaradılmasında nədən ilham aldığını və ərsəyə gətirdiyi əsərin əhəmiyyəti barədə danışıb.
Heykəltəraş qeyd edib ki, Nizaminin daxili dünyasını daha dərindən anlamaq üçün onun əsərlərini demək olar ki, bir il ərzində araşdırıb.
“Heykəl 2012-ci il dekabrın 6-da Pekinin Çaoyan parkında yerləşən Beynəlxalq Məşhurların Heykəlləri Bağında ucaldılıb. Nizaminin anım günündə Azərbaycanın səfirliyinin diplomatları və Çində yaşayan xarici vətəndaşlar onun şərəfinə bu məkana gələrək gül dəstələri qoyurlar. Beləcə, dünya mədəni irsinin mahiyyəti nəsildən-nəslə ötürülür”,- deyə o bildirib.
Yuan eyni zamanda, Nizaminin baxışları ilə ondan 104 il sonra yaşamış çinli şair Su Dunponun baxışları arasında oxşarlıqların olduğunu da jurnalistlərin diqqətinə çatdırıb.
“Bir əsrlik fərqə baxmayaraq, Nizami və Su Dunpo oxşar ideoloji prinsipləri bölüşüblər. Nizami şeirləri gəlir məqsədi ilə deyil, ali idealları müdafiə etmək üçün yazırdı. Su Dunpo da düşünürdü ki, "həyatda ən vacib şey sadə yaşamaq, kifayət qədər qida və geyimə sahib olmaq və başqalarına zərər verməməkdir". Mənim əks etdirdiyim digər tarixi şəxsiyyətlər kimi, onlar da maddi meyllərə üstün gələrək ali prinsiplərə sadiq qalmışdılar”,- deyə o vurğulayıb.
Rəssam Beynəlxalq Məşhurların Heykəlləri Bağının mədəniyyətlərarası qarşılıqlı anlaşmanın inkişafı üçün əhəmiyyətini vurğulayaraq bunları deyib:
“Ümid edirəm ki, bu bağda müxtəlif ölkələrin böyük şəxsiyyətlərinin heykəllərinin ucaldılması çinli uşaqlara və gələcək nəsillərə insan hikmətinin yalnız bir millətin mirası deyil, bütün bəşəriyyətin ortaq sərvəti olduğunu aşılayacaq”.
Çin ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfəyə görə, Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il fevralın 5-də Yuan Sikunu “Dostluq” ordeni ilə təltif edib.
Heykəltəraş qeyd edib: “Bu mükafata layiq görülən ilk çinli olmaq mənim üçün böyük şərəfdir. Öz sənətim vasitəsilə ölkələrimiz arasında mədəni mübadiləyə dəstək olmağa davam edəcəyəm”.