Bakı. Trend:
25 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov ölkəmizə səfəri çərçivəsində ATƏT-in
baş katibi Feridun Sinirlioğlunun rəhbərlik etdiyi nümayəndə
heyətini qəbul edib.
XİN-dən Trend-ə bildirilib ki, nazir Ceyhun Bayramov və baş katib
Feridun Sinirlioğlu arasında təkbətək müzakirələrdən sonra, hər iki
tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş
keçirilib.
Geniştərkibli görüş zamanı Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığının hazırkı durumu və perspektivləri, regional inkişaflar və çağırışlar, postmünaqişə dövründə vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi kimi bir neçə əsas istiqamət üzrə ətraflı müzakirələr aparılıb.
ATƏT məkanında təhlükəsizlik mühitinin gərgin və mürəkkəb olaraq qaldığı hazırkı vəziyyətdə Təşkilatın yeni şərtlərə çevik adaptasiya olunmasının, çoxtərəfli platforma kimi öz aktuallığını qoruyub saxlaması və öhdəliklərini yerinə yetirməsinin tələb olunduğu vurğulanıb.
Ölkəmizin müstəqilliyinin ilk illərindən etibarən ATƏT-in aktiv
üzvlərindən biri olduğu diqqətə çatdırılıb, xüsusilə hazırkı
postmünaqişə dövründə əməkdaşlığın daha da genişləndirilməsi üçün
imkanların mövcudluğu diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov postmünaqişə dövründə bölgəmizdəki son
inkişaflar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı
bərpa və quruculuq işləri, məcburi köçkünlərin yurdlarına qayıdışı,
buna əngəl törədən mina təhdidi ilə mübarizə sahəsində görülən
işlər barədə tərəf müqabilinə məlumat verib.
Postmünaqişə dövründə ATƏT-in Azərbaycanın işğaldan azad edilmiş
ərazilərinin minalardan və partlamamış sursatlardan təmizlənməsi,
həmin ərazilərdə ətraf mühit vəziyyətinin qiymətləndirilməsi kimi
istiqamətlər üzrə müvafiq dəstək layihələri vasitəsilə bərpa və
yenidənqurma fəaliyyətlərində rol ala biləcəyi ifadə olunub.
Azərbaycan-Ermənistan normallaşma prosesinə toxunularaq tərəflər
arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında
saziş layihəsi üzrə danışıqların yekunlaşmasından sonrakı vəziyyət
barədə fikir mübadiləsi aparılıb.
Sülh sazişinin imzalanması üçün əsas şərtlər qismində Ermənistan
konstitusiyasında hələ də Azərbaycana qarşı qüvvədə qalan ərazi
iddialarının aradan qaldırılması və eləcə də münaqişənin bitməsi
nəticəsində tarixə qovuşmuş, öz əhəmiyyətini itirmiş Minsk Qrupu,
Fəaliyyətdə olan sədrin xüsusi nümayəndəsi, Yüksək Səviyyəli
Planlaşdırma Qrupu kimi ATƏT təsisatlarının ləğv edilməsinin
vacibliyi vurğulanıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional
və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov və baş katib Feridun Sinirlioğlu daha sonra
mətbuat brifinqində apardıqları müzakirələrin nəticələrinə dair
bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını
cavablandırıblar.
xxx
17:57
Aprelin 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və ATƏT-in Baş katibi Feridun Sinirlioğlu arasında geniş tərkibdə görüş keçirilib.
Trend xəbər verir ki, bu barədə XİN-in "X" sosial şəbəkəsindəki paylaşımda deyilir.
"ATƏT-in suverenlik və ərazi bütövlüyü kimi prinsiplərinin etimadın və davamlı sülhün bərpası üçün təməl kimi əhəmiyyəti vurğulanıb. ATƏT-in yeni reallıqlara uyğunlaşdırılması, çoxtərəfliliyin gücləndirilməsi və təşkilat çərçivəsində yaranan təhdidlərin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparılıb", - paylaşımda deyilir.
XXX
17:02
Aprelin 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və ATƏT-in Baş katibi Feridun Sinirlioğlu arasında təkbətək görüş olub.
Trend xəbər verir ki, bu barədə XİN-in "X" sosial şəbəkəsindəki paylaşımda deyilir.
"Təkbətək görüşdə tərəflər Azərbaycan-ATƏT əməkdaşlığının vəziyyəti və perspektivlərini, regional təhlükəsizlik məsələlərini, Azərbaycanla Ermənistan arasında normallaşma prosesini müzakirə ediblər. ATƏT məkanında inkişaf edən vəziyyət nəzərdən keçirilib, dialoq və sabitliyin zəruriliyi vurğulanıb", - paylaşımda deyilir.