Bakı.Trend:
Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Respublikasının Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Axmad Burxanovun dəvəti ilə Özbəkistan Respublikasına səfər edib.
Trend Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində əvvəlcə Daşkənddə yerləşən Heydər Əliyev park-meydanında Ulu Öndərin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülərək Ümummilli Liderin xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirilib.
General-leytenant Namiq İslamzadə Özbəkistan Respublikasının
müdafiə naziri general-mayor Şuhrat Xalmuxamedov və özbək həmkarı
general-mayor A.Burxanov ilə görüşüb.
Keçirilən görüşlərdə hər iki ölkə arasında hərbi sahədə
əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə
olunub, Azərbaycanın Özbəkistanla hərbi aviasiya və hava hücumundan
müdafiə sahəsində təcrübə mübadiləsinin inkişaf etdirilməsi üçün
qarşılıqlı səfərlərin əhəmiyyəti və digər məsələlər ətrafında geniş
fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti, həmçinin
"Çirçik" aerodromu və hərbi hissələrdən birini ziyarət edib,
müəssisələrin fəaliyyəti və orada yaradılmış şəraitlə tanış
olub.
Sonda qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub,
suallar cavablandırılıb.